​Azərbaycanlı deputatlar Moldovaya gedir

​Azərbaycanlı deputatlar Moldovaya gedir Kişineuda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək
Xarici siyasət
5 İyun , 2015 19:25
​Azərbaycanlı deputatlar Moldovaya gedir

Bakı. 5 iyun. REPORT.AZ/ İyunun 8-10-da Moldovanın paytaxtı Kişineu şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək. Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Milli Məclisin deputatları – QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelin iştirak edəcəklər.

Öncə Assambleyanın 52-ci Büro iclası keçiriləcək. Sonra Moldova parlamentinin binasında Daimi Komitənin 45-ci iclası öz işinə başlayacaq. İclasda Parlament Məclisinin hesabatı dinləniləcək, QDİƏT PM-nin statusunun yüksəldilməsi məsələsinə baxılacaq. Qurumun birinci yarımillikdə beynəlxalq tədbirlərdə iştirak etmiş və işgüzar səfərlərdə olmuş nümayəndələri Daimi Komitədə hesabat verəcəklər. Musa Quliyev sədri olduğu İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin yarımillik fəaliyyəti barədə hesabat məruzəsi edəcək.

Baş Assambleyanın ikigünlük 45-ci plenar iclasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Musa Quliyev “QDİƏT 2012-nin iqtisadi gündəliyinin həyata keçirilməsində parlamentlərin töhfəsi: cari vəziyyət və gələcək perspektivlər” mövzusuna həsr olunan ümumi diskussiyalarda çıxış edəcək.

Daha sonra Musa Quliyev QDİƏT PM-nin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri qismində “QDİƏT-ə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişafı və möhkəmlənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzəyə dair tövsiyə qərarını təqdim edəcək.

İclasda hüquqi, siyasi, mədəni, təhsil və sosial sahələri əhatə edən məsələlərə də baxılacaq. “QDİƏT-ə üzv dövlətlərdə seçkilərə dair qanunvericiliyin əsas prinsipləri, oxşarlıqlar və fərqlər”, “QDİƏT regionunda məşğulluğun və sosial birliyin inkişafında idmanın rolu” mövzularında məruzələr dinləniləcək, tövsiyə qərarları qəbul ediləcək.

Deputatlarımız gündəlikdəki bütün məsələlərin müzakirəsində yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.

Yekunda təşkilati məsələlərə baxılacaq, QDİƏT PM sədrinin müavinləri və baş katibinin müavini vəzifələrinə seçkilər olacaq.

Səfər iyunun 12-də başa çatacaq.                       

Son xəbərlər

Orphus sistemi