Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramovla görüşündə deyib.
Onun sözlərinə görə, iclas bu ilin payızında Ər-Riyadda keçiriləcək.
O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib və bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edib.
Xalid bin Əbdüləziz Əl-Falih həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.
Qeyd edək ki, Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanında rəsmi səfərdədir.