Yuxarı

Azərbaycanla San-Marino arasında iki sənəd imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov San-Marinolu həmkarı Raskuale Valentino ilə görüşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San-Marinonun XİN rəhbəri Raskuale Valentini ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov deyib ki, bu, Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfərdir və əlaqələrin gələcəyi üçün yeni bir səhifə açır.

XİN başçısı P.Valentini regiona ilk səfərinin Azərbaycana olmasından məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib. P.Valentini, həmçinin ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfər edən kapitan-regentlər Andrea Belluzi və Roberto Venturinin Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb. 

Görüşdə Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakı mümkünlüyü qeyd edilib.

Daha sonra Avropa İttifaqı ilə münasibətlərin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barəsində geniş fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.

Sonda “Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” saziş və “Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” konvensiya imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi