Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Hindistan Respublikasının Azərbaycandakı səfiri Sancay Rananı qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xələf Xələfov Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini bildirdi və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan X.Xələfov Hindistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib.
X.Xələfov energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. O, həmçinin, Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha da asanlaşdırıcaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barəsində məlumat verib və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə edib.
İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən Səfir Sancay Rana, hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu bildirib.
Səfir ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırıb..
Görüşün sonunda nazir müavini Xələf Xələfov və səfir Sancay Rana “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” protokolu imzalayıblar. Qeyd olunan Müqavilənin 27-ci maddəsinə uyğun olaraq 29 fevral 2016-ci il tarixindən qüvvəyə mindiyi və Müqavilənin hər iki ölkə arasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişafı üçün şərait yaratdığı vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.