Fransanın paytaxtı Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzində respublikamızın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, YUNESKO baş katibinin Afrika prioritetləri və xarici məsələlər üzrə müavini Firmin Matoko, YUNESKO yanında müxtəlif ölkələrin daimi nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
E.Abdullayev Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığına toxunub, Azərbaycanın sədrliyinin daha bir il artırılması üçün QH üzvlərinin təşəbbüslərinə və ümumiyyətlə Azərbaycana göstərilən etimada görə təşəkkürünü bildirib. E.Abdullayev Azərbaycanın Hərəkata sədrliyi dövründə respublikamızın QH üçün hazırladığı müfəssəl və ambisiyalı qlobal fəaliyyət planına, COVID-19-un dünyanı bürüməsi, ölkəmizin yeni vəziyyətə göstərdiyi cəld və adekvat reaksiyasına, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslərərinə toxunub, respublikamızın növbəti il üçün nəzərdə tutduğu layihələrindən danışıb.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu yüksək qiymətləndirdiklərini bildirib, təşkilatın fəaliyyətinə verdiyə töhfəsinə görə təşəkkür ediblər.
Tədbir musiqi ustası və beynəlxalq prodüser Çeik Tidiane Sekin ifasında Afrika caz musiqisindən ibarət konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. 2021-ci ildə QH üzvləri ölkəmizə müraciət edərək, sədrliyi daha bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan təkliflə razılaşıb. QH-nin bu ilin iyulunda virtual formatda keçirilmiş xarici işlər nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il - 2023-cü ilə qədər uzadılmasına qərar verib.
Qoşulmama Hərəkatı (“Non-Aligned Movement – NAM”) özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirən 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.