"Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, Bakıya çağırılmışam. Məsləhət bilinsə qayıdacam".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur: "Gənclərin valideynləri ilə də dəfələrlə danışır, hələ ki, ora getməmələrini məsləhət görürəm".
Səfir söyləyib ki, azərbaycanlılar Ukrayna vətəndaşıdırlarsa, döyüşdə iştirak edə bilərlər: "Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu döyüşçü kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır".
E.Axundova qeyd edib ki, paytaxt Kiyevdə vəziyyət daha yaxşıdır, çünki Ukrayna ordusu orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilir: "Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar. Bu isə mənə bizim birinci Qarabağ müharibəsini xatırladır".