Yuxarı

Azərbaycanın Ukraynadakı səfiri diplomatiya sahəsində “İlin adamı – 2014” mükafatına layiq görülüb

Eynulla Mədətli 2010-cu ildən Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışır

BAKI. 19 yanvar. REPORT.AZ/ Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli “İlin adamı” proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb. Bu barədə "Report" AzərTAc-a istinadən xəbər verir.

Xatırladırıq ki, Eynulla Mədətli 2010-cu ildən Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışır.

“Seqodnya” Ümumukrayna qəzetində bununla bağlı dərc olunmuş məqalədə qeyd edilir ki, Eynulla Mədətlinin şəxsi səyləri sayəsində Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi münasibətlər fəallaşıb. 2014-cü ilin martında BMT Baş Assambleyasında səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəklənməsi yüksək diqqətə layiqdir. İqtisadi məsələlər üzrə birgə hökumətlərarası komissiyaların iclasları, müdafiə sənayesi sahəsində işçi qruplarının, parlamentlərarası dostluq qruplarının görüşləri keçirilir. Qarşılıqlı faydalı birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Məqalədə deyilir ki, iqtisadi sahədə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı inkişaf etdirən və yeni inkişaf yollarını araşdıran Ukrayna-Azərbaycan Biznes Şurasının yaradılmasında səfirin nailiyyətini xüsusi vurğulamaq lazımdır.

“Seqodnya” qəzeti yazır ki, səfirin səyi ilə Ukraynada Azərbaycan Mədəniyyəti günləri, Azərbaycan Musiqisi günləri, kinofestivallar, rəsm və fotoşəkil sərgiləri, teatr tamaşaları və digər bu kimi genişmiqyaslı humanitar layihələr həyata keçirilib.

Məqalədə daha sonra deyilir ki, Ukraynanın böyük şair və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə və onun yaradıcılıq irsinin öyrənilməsinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsini, Azərbaycan ədəbiyyatı, incəsənəti və tarixi haqqında bir sıra kitabların Ukrayna dilinə tərcümə olunub Kiyevdə nəşr edilməsini, Ukrayna ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycanda tərcümə edilib nəşr olunmasına kömək göstərilməsini Azərbaycan diplomatının xidmətlərinə aid etmək olar.

Səfirin təşəbbüsü və dəstəyi ilə Ukraynanın “Vsesvit” (Kainat”) jurnalı Azərbaycan ədəbiyyatına xüsusi nömrə həsr edib. Öz növbəsində Azərbaycanın “Dünya ədəbiyyatı” jurnalının son nömrəsi Ukrayna ədəbiyyatına həsr olunub. Azərbaycan diplomatik nümayəndəliyi rəhbərinin Bakı Slavyan Universitetində Nikolay Miroşniçenko adına Ukrayna kitabxanasının yaradılması barədə şəxsi təşəbbüsünü, səfirliyin nəşr etdirdiyi onlarca kitabın Ukraynanın və Azərbaycanın milli kitabxanalarında təqdimatını, Ukrayna mətbuatında Taras Şevçenko haqqında məqalənin və müsahibənin dərc olunmasını (“Den”, “Literaturnaya Ukraina” qəzetləri, “Vsesvit” jurnalı), “Den” qəzetinin illik fotosərgisinin keçirilməsinə kömək göstərilməsini və bu kimi digər tədbirləri həmin siyahıya əlavə etmək olar.

“Seqodnya” qəzeti yazır: “Onun müxtəlif ədəbi konfranslarda və seminarlardakı çıxışları, ölkənin mədəni həyatında fəal iştirakı, xüsusən Azərbaycan və Ukrayna bəstəkarlarının əsərlərini ifa edərək Lvovda, Krakovda və Varşavada uğurla silsilə konsertlər vermiş Lvovun “IHCO-Lьviv” gənclər orkestrinə maliyyə yardımı və mənəvi dəstək göstərməsi, Krım-tatar alimi Bəkir Çobanzadə, maarifçi İsmayılbəy Qaspralı, Ukrayna şairi Vasili Stus haqqında konfranslarda, Ukraynanın müxtəlif vilayətlərində keçirilmiş iqtisadi və investisiya konfranslarında yaxından iştirak etməsini, Taras Şevçenko adına Kiyev Milli Universitetində və ölkənin digər tədris müəssisələrində etdiyi mühazirələr, Çernobıl qəzasından zərərçəkənlər, uşaq evləri üçün xeyriyyə tədbirlərində fəal iştirakı da Ukrayna və Azərbaycan xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

2014-cü ilin beynəlxalq və xüsusi mükafatları öz sahiblərinə, o cümlədən Azərbaycanın Ukraynadakı səfirinə cari il martın 21-də “İlin adamı-2014” mükafatını təqdimetmə mərasimində şatdırılaçaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi