​Azərbaycanın tolerantlıq modeli Los Ancelesdə müzakirə olunub

​Azərbaycanın tolerantlıq modeli Los Ancelesdə müzakirə olunub Ravvin Azərbaycanı “qaranlıqlara işıq saçan nur” adlandırıb
Xarici siyasət
17 Avqust , 2015 10:39
​Azərbaycanın tolerantlıq modeli Los Ancelesdə müzakirə olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Los Ancelesdə yaşayan yəhudi icmasının nüfuzlu dini mərkəzlərindən olan “Valley Outreach” sinaqoqunda Azərbaycana dair təqdimat keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Təqdimatda sinaqoqun 500 nəfərə yaxın üzvü iştirak edib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edib.

Sinaqoqun rəhbəri Ravvin Ron Li Paz tədbiri giriş nitqilə açaraq, Azərbaycan baş konsulunun dəvət olunmasının təsadüfi olmadığını vurğulayıb. O bildirib ki, hazırda Yaxın Şərq regionu başda olmaqla, dünyanın bir çox bölgələrində dini dözümsüzlüyün və fərqli mədəniyyətlərə qarşı zorakılığın artdığı bir vaxtda, Azərbaycan öz qədim tolerantlıq ənənələri və dünyəvi dövlətçilik praktikası ilə dünya xalqlarına çox dəyərli mesajlar verir və bu səpkidə nümunəvi model təşkil edir. O, Azərbaycanı “qaranlıqlara işıq saçan nur” adlandırıb.

Baş konsul N.Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkənin keçdiyi sürətli inkişaf və çağdaşlaşma yolundan bəhs edib. Diplomat qeyd edib ki, Azərbaycan xalqı 1918-ci ildə İslam dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutub. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğununu bildirən N.Ağayev, bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını vurğulayıb.

Diplomat, həmçinin, çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Azərbaycanın zəngin hidrokarbon resurslarına və bu çərçivədə neft-qaz yataqlarının istismarı sahəsində geniş təcrübəyə malik olduğunu bildirən N.Ağayev, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli roldan bəhs edib.

Tədbir daha sonra sual-cavab hissəsi ilə davam etdirilib. Baş konsul tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi