Azərbaycanın şimal bölgəsində Türkiyə üçün yardım toplanır

Azərbaycanın şimal bölgəsində Türkiyə üçün yardım toplanır Azərbaycanın şimal rayonlarında Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım toplanmasına başlanılıb.
Xarici siyasət
9 Fevral , 2023 15:47
Azərbaycanın şimal bölgəsində Türkiyə üçün yardım toplanır

Azərbaycanın şimal rayonlarında Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım toplanmasına başlanılıb.

"Report"un Şimal bürosunun xəbərinə görə, bununla əlaqədar Qusar rayonundakı "Gənclər Evi"nin inzibati binasında mərkəzləşdirilmiş qərargah yaradılıb.

Rayon ictimayyətinin təşəbbüsü ilə toplanan məhsul və malların qarşıdakı günlərdə qardaş ölkəyə göndərilməsi təmin ediləcək.

Xaçmaz sakinləri də yardım aksiyasına qoşulublar. Belə ki, şəhər mərkəzində yaradılan qərargaha toplanan yardımlar çeşidlənərək 6 ədəd "Ford" və bir ədəd yük maşını ilə Türkiyəyə yola salınıb.

Qubanın mərkəzində yerləşən Cümə məscidində də yardımlar toplanılir. Rayon sakinləri zəlzələnin ağır fəsadları ilə üzləşən qardaş ölkə əhalisi üçün əllərindən gələni əsirgəmirlər. Onlar da yardımla dolu yük avtomobilini Türkiyəyə göndəriblər.

Siyəzən sakinləri "Azərsun" şirkətinin müraciətinə könüllü qoşularaq topladıqları yardımla dolu iki avtomobili zərərçəkmişlərə göndərmək üçün şirkətin mərkəzi anbarına yola salıblar.

Təbii fəlakət bölgəsində zərərçəkənlər üçün toplanan yardımın içərisində qış paltarları, gödəkçə, əlcək, corab, çadır, yorğan, döşək, generator, uşaq bezi, təmizlik vasitələri və gündəlik yaşam üçün ehtiyac duyulan məhsullar var.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 014 nəfər ölüb, 63 794 nəfər yaralanıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi