Yuxarı

Azərbaycanın Pakistandakı səfiri bu ölkə Senatının sədr müavini ilə görüşüb

Səfir işğal olunmuş Azərbaycan ərazilərində qondarma seçkiləri tanımayan bəyanat verdiyinə görə Pakistan Senatının sədr müavininə təşəkkür edib

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bu ölkə Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşüb. Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

A.Q.Heydarini Pakistan Senatının sədr müavini vəzifəsinə seçilməsi münasibətilə təbrik edən səfir Azərbaycan-Pakistan münasibətləri haqqında danışıb. Diplomat Pakistanın Dağlıq Qarabağ məsələsində ölkəyə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir azərbaycanlının qəlbində pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirib. Səfir Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 01.02.2012, 03.10.2013-cü il tarixli qətnamələrin qəbul olunmasında Pakistan Senatının tutduğu prinsipial mövqeyi yüksək qiymətləndirərək, işğal olunmuş Azərbaycan ərazilərində 3 may tarixində planlaşdırılan qondarma parlament seçkilərini tanımayan bəyanat verdiyinə görə Senatın sədr müavininə təşəkkür edib.

Söhbət zamanı səfir Azərbaycanda gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa oyunlarına gedən hazırlıq işləri barəsində məlumatlar verib. Vurğulanıb ki, Pakistanın Prezidenti Məmnun Hüseynin 11-14 mart 2015-ci il tarixlərində Azərbaycana səfəri, səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafını daha da sürətləndirəcək.

D.Şikarov sonra Abdul Qafur Heydarinin üzvü olduğu Camaat-e Ullama İslam Partiyasının Azərbaycanla sıx əlaqələri olduğunu, partiyanın lideri Mollana Fazlul Rəhmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini və Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb.

Pakistan Senatının sədr müavini iki xalq arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında danışan Abdul Qafur Heydari Pakistan Senatının sədr müavinləri Mir Can Camali, Sabir Əli Bəlucun rəhbərlik etdikləri nümayəndə heyətlərinin Azərbaycana, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, digər millət vəkillərinin Pakistana səfərlərindən söhbət açıb.

Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi