Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan Respublikasının 18 oktyabr- Müstəqilliyinin Bərpası Günü qeyd olunub.
“Report”un Ankara bürosunun məlumatına görə, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində yerləşən Qarabağ toplantı salonunda baş tutub.
Mərasim səfirliyin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dünyası Parlamentariləri Fondunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Rerspublikasından diplomatlar, Türk dünyasından ziyalılar iştirak ediblər.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar bildirib: "Müstəqilliyimizi bizə qazandıran, bu yolda mübarizə apararaq canından keçən hər bir kəsin xatirəsi bizim üçün əzizdir. Biz müstəqilliyimiz uğrunda şəhid olan bütün soydaşlarımızın ruhunu hörmətlə yad edirik. “Bir millət, iki dövlət” fəlsəfəsinin tətbiq olunduğu o günlərin gözəlliyi ilə Türk dünyası, Türk dövlətləri daim olsun və Türk düşüncə hərəkatının qabaqcılı can Azərbaycanın əbədi mövcud olacağına inancımız tamdır”.
Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev isə öz çıxışında Azərbaycanın müstəqillik tarixindən bəhs edib.
Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Filiz Kılıc isə belə əlamətdar gündə iştirak etməsindən məmnunluğunu dilə gətirib: “Bəxtiyaram ki, qardaşlarımızın müstəqilliyinin 33-cü ili qeyd olunan bir tədbirdə mən də çıxış edirəm. Türkiyə olaraq bölgədə sülhün təminatı, rifahın yüksəlməsi üçün əlimizdən gələni edəcəyik”.
AK Parti millət vəkili Zeynəb Yıldız isə Bəxtiyar Vahabzadənin yaradıcılığına toxunaraq “biz doğrudan da bir ananın iki övladıyıq” deyib.
Türk Dünyası Parlamentarilər Vəqfinin sədri Abdulla Çalışkan da Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidləri ehtiramla anaraq bildirib ki, Azərbaycan daxil olmaqla, Türk dünyası ilə bağlı davamlı layihələr həyata keçirirlər.