Azərbaycanın MDB ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 18-də MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqtisadi-ticari sahə MDB ölkələri arasında əməkdaşlığın mühüm istiqamətidir.
"Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. Keçən il Azərbaycanın Birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb.
Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın fəal istifadə etdikləri nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin dəhlizlərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün Birlik çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk", - Baş nazir qeyd edib.