Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın Oreqon ştatının qubernatoru ilə görüşüb

    Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Oreqon ştatına etdiyi işçi səfər müddətində ştatın qubernatoru xanım Keyt Braun ilə görüşüb.

    Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

    Görüş zamanı, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

    N.Ağayev, eyni zamanda qubernatora Azərbaycanın tarixi, müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verib.

    Diplomat, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz Azərbaycanda verildiyini diqqətə çatdırıb.

    Baş konsul, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. N.Ağayev, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

    Öz növbəsində, qubernator Brown keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi