Azərbaycanın Gürcüstandakı səfirliyində soyqırımı qurbanları yad edilib, kitab sərgisi keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində soyqırımı qurbanları yad edilib, kitab sərgisi keçirilib Badri Naçkebia: "Bu gün qardaş Azərbaycan xalqı üçün ağrılı bir gündür"
Xarici siyasət
31 Mart , 2017 17:47
Azərbaycanın Gürcüstandakı səfirliyində soyqırımı qurbanları yad edilib, kitab sərgisi keçirilib
Report.az

Tbilisi. 31 mart. REPORT.AZ/ "Ermənilər zaman-zaman azərbaycanlılara və gürcülərə qarşı soyqırımı, kütləvi qırğınlar, terror və digər ağır cinayətlər törədiblər. Ötən əsrin əvvəllərində ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri qırğınlardan 100 il keçsə də həmin qanlı cinayətlərin izi hələ də xalqımızın yaddaşından silinməyib."

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunmuş anım mərasimində səslənib.

Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, ABŞ və Bolqarıstanın Tbilisidəki səfirliklərinin məsul əməkdaşları, Gürcüstanın hökumət üzvləri, siyasətçilər, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştitakçıları səfirliyin binasının foyesində erməni terrorundan bəhs edən kitabların sərgisinə baxıblar.

Səfir Dursun Həsənov tədbiri açaraq erməni-bolşevik birləşmələri tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər haqqında məlumat verib. Bildirib ki, həmin dövrdə erməni-bolşevik dəstələri əvvəlcədən Şamaxıda yerləşdirilib. 2000 erməni əsgəri və 60 yük maşınına doldurulmuş silah-sursat əvvəlcədən müəyyənləşdirilən yerə gətirilib. 1918-ci il martın 31-də, eləcə də aprelin 1-2-də erməni-bolşevik hərbi birləşmələri Bakıda, eləcə də Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda əliyalın insanları kütləvi şəkildə amansızcasına qətlə yetiriblər. Bu barədə tarixi mənbələrdə də geniş məlumat verilib və sübut olunub ki, bu, əsl soyqırımı idi.

Diplomat 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini xüsusi qeyd edib.

Akademik Kamal Abdullayev deyib ki, hər il bu soyqırım hadisələrinin qurbanları anılır: "Bu soyqırımı Azərbaycan xalqının qan yaddaşına yazılan hadisədir". Akademik erməni terrorçularının həmin dövrdə azərbaycanlıları, gürcüləri, rusları, yəhudiləri, həmçinin ermənilərin özlərini də qətlə yetirdiyini bildirib.

O, Azərbaycan ilə Gürcüstan arasında multikulturalizmin inkişafından da danışıb: "Multikulturalizmin inkişafı dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir. Gürcü və azərbaycanlı gənclər bu mövzuya böyük maraq göstərirlər. Bu da çox vacibdir. Azərbaycan və Gürcüstan dostluğu bizə həmişə əzizdir".

Terrorizm və Problemlər Araşdırmalar Mərkəzinin sədri Badri Naçkebia vurğulayıb ki, Azərbaycan xalqı soyqırımı qurbanı olub: "Bu, tarixi həqiqətdir. Bu gün qardaş Azərbaycan xalqı üçün ağrılı bir gündür".

Suxumi Dövlət Universitetinin professoru, tarixçi alim Quram Marxuliya isə bildirib ki, bu gün Ermənistan dövlətinin yerləşdiyi torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır: "Ermənilər 1918-ci ildə Gürcüstana da hücum edib. Tiflisdə yaşayan ermənilər onlara kömək edib. Ermənilər sovet dövründə də Abxaziyada Baqramyan adına alay yaradaraq gürcülərə qarşı vuruşublar. Belə bir hadisə 1905-1906-cı illərdə də baş verib. Bu illərdə ermənilər tərəfindən həm gürcülər, həm də azərbaycanlılar öldürülüblər".

Gürcüstan Ağsaqqallar Şurası sədrinin müavini Mayak Nemətov Azərbaycan və gürcü xalqlarının oxşar tarixindən, müstəqillik mübarizəsindən, ermənilərin Cənubi Qafqazdakı pozuculuq fəaliyyətindən danışıb.

Sonda soyqırımı haqqında sənədli film nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi