Azərbaycanın dövlət mükafatları ukraynalı müəllimlərə təqdim olunub

Azərbaycanın dövlət mükafatları ukraynalı müəllimlərə təqdim olunub Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta ümumtəhsil məktəbdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orden və medallarla təltif edilən müəllim heyətinə mükafatların təqdimat mərasimi keçirilib
Xarici siyasət
4 Fevral , 2022 12:50
Azərbaycanın dövlət mükafatları ukraynalı müəllimlərə təqdim olunub

Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orden və medallarla təltif edilən müəllim heyətinə mükafatların təqdim olunması mərasimi keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərinin mərkəzində yerləşən parkda abidəsini ziyarət ediblər.

Mərasim iştirakçıları sonra məktəbin nəzdində akademikin adını daşıyan muzeydə onun həyat və yaradıcılğına həsr olunan foto və dərgilər ilə tanış olublar. Daha sonra məktəbin akt zalında davam edən mərasimdə direktor Valentina Antonenko çıxış edərək bildirib ki, məktəblərinin Zərifə xanımın adını daşıması, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafatlara layiq görülmələrini kollektiv üçün böyük şərəfdir. O qeyd edib ki, bu kimi addımlar Ukrayna-Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirir: “Zərifə xanım görkəmli oftalmoloq olmaqla yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı olub. Bu gün şəhərimizdə belə bir insanın xatirəsinin əbədiləşdirilməsi iki ölkənin dostluğu üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları bu məktəbə daimi diqqət göstərir, burada müxtəlif tədbirlər keçirilir. Məktəbimizdə İrpen Azərbaycanlıları Konqresinin rəhbəri Namiq Quliyevin dəstəyi ilə Zərifə xanımın adına yaradılan muzeydə bu əlaqələri özündə ehtiva edən qiymətli nümunələr sərgilənir”.

Şəhər meri Aleksandr Markuşin çıxış edərək vurğulayıb ki, İrpendə Zərifə xanımın adına məkətblə yanaşı park və mərkəzi küçənin də olması onlar üçün qürurvericidir. O, qeyd edib ki, İrpendə tanınmış azərbaycanlı akademikin xatirəsinin əbədiləşdirilməsi şəhərin beynəlxalq əməkdaşlıqda rolunu da gücləndirir.

Son zamanlar iki ölkə arasında əlaqələrin genişləndiyini qeyd edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə bildirib ki, Zərifə xanımın adını daşıyan məktəb bu əlaqələrin əsas fundamental daşıyıcılarındandır. O söyləyib ki, məktəb, xüsusilə məktəbin direktoru Valentina Antonenkonun iki ölkə arasında münasibətlərin genişlənməsində xidmətləri yüksəkdir və Azərbaycan Prezidenti də bu xidməti layiqincə qiymətləndirib.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin məktəbin müəllim heyətini təbrik edərək Azərbaycan dövləti tərəfindən ukraynalı müəllimlərə verilən dəyəri iki ölkə xalqları arasında möhkəm dostluğun bariz nümunəsi kimi qiymətləndirib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə çıxış edərək bu kimi təltiflərin, tədbirlərin xaqlararası dostluqda yeni stimullara yol açdığını vurğulayıb.

Mərasimdə iştirak edən Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev bu kimi tədbirlərin ölkələrarası, xaqlarlararası münasibətlərin inkişafında oynadığı roldan bəhs edib.

Daha sonra Elmira Axundova, Oleq Krapivin və Rövşən Tağıyevin iştirakı ilə məktəbin direktoru Valentina Antonenkoya “Dostluq” ordeni, müəllimləri Alla Çumak və Yuliya Krılaça isə “Tərəqqi” medalları təqdim olunub.

Tədbir Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasovun, müğənni Nataliya Kudryaşovanın ifasında bədii hissə ilə davam edib.

Xatırladaq ki, yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynanın İrpen şəhərindəki 12 nömrəli orta ümumtəhsil məktəbinin müəllimləri Azərbaycanın dövlət mükafatlarına layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi