Fransanın COP29-u boykot etməsi bu ölkənin beynəlxalq aləmdə nüfuzunun azalmasından xəbər verir - ŞƏRH

Fransanın COP29-u boykot etməsi bu ölkənin beynəlxalq aləmdə nüfuzunun azalmasından xəbər verir - ŞƏRH Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Fransanın dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda
Xarici siyasət
24 May , 2024 20:23
Fransanın COP29-u boykot etməsi bu ölkənin beynəlxalq aləmdə nüfuzunun azalmasından xəbər verir - ŞƏRH

Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Fransanın dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda qlobal miqyaslı tədbiri boykot etməsi bu ölkənin beynəlxalq aləmdə çəkisinin və nüfuzunun azalmasından xəbər verir.

Fransa və onun tərəfində yer alan bəzi dairələr bu tədbirin Azərbaycanda keçirilməsini əvvəldən də istəməyib. Çünki bu dairələrin cənubi Qafqazda öz geosiyasi maraqları uğrunda sülhə qarşı aparılan siyasətinə qarşı çıxan əsas dövlətlərdən biri də Azərbaycan olmuşdu. Məhz buna görə də Fransa və onun yanında yer alan dairələr heç vaxt istəməyiblər ki, Cənubi Qafqazda lider dövlət olan bir ölkənin, eyni zamanda beynəlxalq nüfuzu da artsın.

Bundan əvvəl, Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən 16 aprel tarixli açıqlamada da bu istiqamətdə çağırışlar mövcud idi. Avropa və xarici işlər naziri Stefan Sejurnenin də verdiyi açıqlamada COP29 sədrliyini hədəfə aldığı məlumdur. Bəs görəsən, niyə özünü demokratik və hüquqi dövlət hesab edən ölkə belə bir addım atır. Məlumdur ki, hələ əvvəldən, yəni Azərbaycan BMT-nin qəbul etdiyi bəyannaməni öz gücünə həyata keçirib suveren torpaqlarını işğaldan azad edəndə buna kəskin etiraz bildirərək işğalçının yanında duran da məhz elə Fransa idi. Özünü demokratik dövlət hesab edən bir ölkənin işğalçının yanında olması bu ölkənin beynəlxalq hüquqa qarşı olmasını bir daha sübut edir.

Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın COP29 sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. Dünyanın nüfuzlu təşkilatlarının və dövlətlərinin bu tədbirin Azərbaycanda keçirilməsində həmfikir olmaları Fransanı narahat edən məsələdən biridir. Təbii ki, Fransanın bu tədbiri boykot etməsi reallıqları dəyişmək iqtidarında deyil, çünki artıq dünya birliyinə də məlumdur ki, bu ölkə öz daxili problemlərində digər dövlətləri günahlandırır və öz müstəmləkəçi siyasətini davam etdirərək keçmiş müstəmləkələrində insan hüquqlarını kobud şəkildə pozur.

Rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlərə, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslərə əhəmiyyət verməyən Fransanın belə addımlar atmasının səbəbi, həmçinin son dönəmdə Fransanın xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, Dənizaşırı bölgələrində Fransaya qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətindən xəbər verir.

Azərbaycan artıq bir çox dövlət nümayəndələrini, beynəlxalq təşkilatları bu tədbirdə iştirak etməyə dəvət edib və qlobal hadisələr fonunda üzərinə çox ciddi iş götürərək beynəlxalq miqyaslı tədbirə ev sahibliyi edir. Bu tədbirin Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəyə qlobal miqyasda güvən daha da artıb. COP29 dünya dövlətlərini təkcə ekoloji problemlərə qarşı birləşməsində kömək etməklə yanaşı, digər qlobal miqyaslı məsələlərdə ölkələrin həmrəy olmasına böyük töhfə verəcək. Nəzərə alsaq ki, dünyada gedən proseslər fonunda qütbləşmə və dövlətlərarası müharibələr beynəlxalq birliyə əngəldir, bu baxımdan COP29 kimi tədbirlərin “buzlaqların əriməsində” böyük rolu olacaq.

Fransa Azərbaycanın iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyur. Bu qərar iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Bu cəhdlər iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq məqsədi daşıyır. “Paris razılaşmasının” qəbul edildiyi bir şəhər tərəfindən atılan bu addım həmçinin, beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir.

Azərbaycanın COP29-a ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq əvəzinə sədrliyimizi hədəfə alan bu kimi çağırışlardan çəkinilməsinin dünya üçün daha faydalı olacağı hər kəsə məlumdur. Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə son qoyulmaması, onun zərər görmüş imicinə xeyir gətirməyəcək, həmçinin beynəlxalq aləmdə qeyri-ciddi dövlət kimi qəbul ediləcək. Azərbaycan bu tədbirin keçirilməsində artıq böyük işlər görüb, Bakı və bölgələr bu tədbir çərçivəsində Azərbaycana gələn turistləri təhlükəsiz və lazimi xidmət göstərmək üçün hazırlayır. Bu, bir daha sübut edir ki, dünya birliyi Azərbaycanda sülh və təhlükəsizliyin hökm sürdüyünü yaxşı bildiyi üçün beynəlxalq əhəmiyyətli bir tədbiri Azərbaycana etibar edir.

Son xəbərlər

Orphus sistemi