Yuxarı

​Azərbaycanın Braziliyadakı səfiri bir sıra işgüzar görüşlər keçirib

Elnur Sultanov Braziliyanın Rio Qrande do Sul ştatına səfər edib

Bakı. 25 noyabr. REPORT.AZ/ 2015-ci ilin 17-21 noyabr tarixlərində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliyanın Rio Qrande do Sul ştatına işgüzar səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, E.Sultanov Rio Qrande do Sul ştatının qubernatoru Jose İvo Sartori ilə görüş keçirib.

Görüş zamanı səfir ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, tolerantlıq ənənələri və müasir inkişafı habelə, Azərbaycan-Braziliya münasibətlərinə dair məlumat verib. O, Azərbaycan ilə Rio Qrande do Sul ştatı arasında əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. Öz növbəsində, J.Sartori Rio Qrande do Sul ştatı haqqında məlumat verərək, Azərbaycan ilə ştat arasında iqtisadiyyat, elm, texnologiya, mədəniyyət və digər sahələrdə əlaqələrin qurulmasında marağını ifadə edib.

Bununla yanaşı, səfir E.Sultanov Porto Aleqre şəhərinin meri vəzifəsini icra edən Sebastyao Mello, ştatın mədəniyyət katibi Viktor Huqo, Qanunverici Assambleyanın vitse-prezidenti Juliano Rosso, sənaye federasiyasının vitse-prezidenti Aderbal Lima, Rio Qrande do Sul Federal Universitetinin rektoru Karlos Aleşandre Netto, “Zero Hora” qəzetinin beynəlxalq məsələlər üzrə redaktoru Luiz Araujo və ştatın yəhudi federasiyasının prezidenti Zalmir Şvartzmann ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə səfir Azərbaycanın müasir inkişafı, əldə etdiyi nailiyyətlər, dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfə və multikulturalizm ənənələri həmçinin, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü haqqında ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan ilə Rio Qrande do Sul ştatı arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması perspektivləri ətrafında geniş fikir mübadilələri aparılıb. Görüşlər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin “Azərbaycan-gələcəyin ölkəsi” videoçarxı nümayiş etdirilib.

Bundan əlavə, səfir Rio Qrande do Sul ştatının Xarici ticarət federasiyasında görüş keçirib. Görüşdə ştatın işgüzar dairələrinin nümayəndələri və rəsmilər iştirak ediblər. Tədbir zamanı ştatın iqtisadi göstəriciləri haqqında məlumat verilib. Öz növbəsində, səfir E.Sultanov ölkəmizin inkişafı barəsində ətraflı danışaraq, “Azərbaycan iqtisadiyyatı və xarici sərmayələr” mövzusunda təqdimatla çıxış edib.

Səfir E.Sultanov həmçinin, Rio Qrande do Sul ştatının ən aparıcı universitetlərindən biri olan UNİRİTTER universitetində beynəlxalq münasibətlər fakültəsinin tələbə və professor heyəti qarşısında “Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə 2015-ci ilin 17 noyabr tarixində Porto Aleqre şəhərindəki mötəbər “Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin Rio Qrande do Sul ştatında ilk nümayişi başlayıb. Bu münasibətlə noyabrın 19-da yerli tamaşaçılar qarşısında çıxış edən səfir E.Sultanov Azərbaycanın zəngin mədəniyyəti və milli kinomatoqrafiya barədə məlumat verib. Qeyd olunmalıdır ki, portuqal dilində altyazılarla 14 Azərbaycan filminin nümayişi 2015-ci ilin 2 dekabr tarixinədək adıçəkilən mədəniyyət ocağında davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi