Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə erməni səfirin və daşnak liderin cavabını verib. Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, “Clarin” qəzetinin 21 dekabr tarixli buraxılışında M.Əhmədzadənin Ermənistanın Argentinadakı səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən olan Daşnaksütyun Partiyasının siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə dərc olunmuş məktublarına cavab olaraq yeni cavab məktubu dərc olunub.
Məqalədə Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən öz təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsinin münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisi olduğu qeyd olunub.
“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”, -deyə fikirlərinə davam edən Azərbaycan səfiri bildirir ki, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən çox hərbiləşdirilmiş ölkə olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır.
“Azərbaycan konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur”, - deyə vurğulanan məqalə bu fikirlərlə tamamlanıb: “Ermənistandakı hərbi-oliqarxiya repressiv diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir”.