Azərbaycanda həyata keçirilən sosial islahatlar Tbilisidə beynəlxalq konfransda təqdim olunub

Azərbaycanda həyata keçirilən sosial islahatlar Tbilisidə beynəlxalq konfransda təqdim olunub Tbilisidə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin birgə təşkilatçılığı ilə üçtərəfli sosial dialoqun möhkəmləndirilməsi və əməyin beynəlxalq standartlarının təbliği mövzusunda beynəlxalq konfrans keçirilib.
Xarici siyasət
3 May , 2019 14:49
Azərbaycanda həyata keçirilən sosial islahatlar Tbilisidə beynəlxalq konfransda təqdim olunub

Tbilisidə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin birgə təşkilatçılığı ilə üçtərəfli sosial dialoqun möhkəmləndirilməsi və əməyin beynəlxalq standartlarının təbliği mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə BƏT üzvləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Ermənistan və Özbəkistanın həmkarlar təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili ölkədə hökm sürən sosial bərabərsizlik və yoxsulluq barədə danışıb. 

O bildirib ki, istənilən ölkədə sosial ədalətsizliyin daha da artması böyük fəlakətlərə səbəb ola bilər: “Sosial ədalətsizliyin qarşısını almaq üçün siyasətçilər daha məsuliyyətli olmalı və işəgötürənlərə aydın olmalıdır ki, əmək əmtəə deyil. Üçtərəfli dialoqla işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə yanaşı, sosial müdafiə, gender bərabərliyi və digər sahələrdə də müsbət dəyişikliklərə nail olmaq mümkündür”.

Beynəlxalq tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov çıxışında ölkədə sosial sahədə həyata keçirilən islahatlar və bu sahədə mövcud qanunvericilik barədə danışıb. 

O deyib ki, Azərbaycanın sosial tərəfdaşlıq sahəsindəki təcrübəsi hələ 10 il bundan öncə Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən örnək təcrübə kimi qiymətləndirilib və keçmiş sovet ölkələrində həmkarlar təşkilatları arasında yayılıb.

A.Dadaşov qeyd edib ki, Azərbaycanda bu il dövlət başçısının minimum əməkhaqqının artırılması ilə bağlı qərarını həmkarlar ittifaqları yüksək qiymətləndiriblər. Onun sözlərinə görə, Azərbaycandakı sosial-iqtisadi vəziyyət əməkçilərin arzuladığı səviyyəyə gəlib çatmaqdadır.

AHİK rəsmisi Tbilisidə keçirilən konfransın hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında dialoqun daha da gücləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsi baxımından önəm daşıdığını vurğulayıb.

Konfransa Gürcüstan parlamenti və dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar. 

Son xəbərlər

Orphus sistemi