Azərbaycanda casusluqda ittiham olunaraq həbs edilən Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.
"Report" xəbər verir ki, bunu onun atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib.
"Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.
O bildirib ki, ailə artıq Martinlə danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini söyləyib.
Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılıb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. M.Rayan casusluqda ittiham olunur.