Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin nəqliyyat aviaşirkəti "Silk Way"in diplomatik immunitet adı altında silah daşıması haqqında Bolqarıstan mətbuatının yaydığı məlumatı təkzib edib.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, bu məlumat yalandır və XİN-i bu cür saxta informasiyaları şərh etmir.
Qeyd edək ki, iyulun 16-da Bolqarıstanın "Əmək" qəzeti Azərbaycanın "Silk Way" şirkətinin guya Suriya yaraqlıları üçün nəzərdə tutulmuş silahın daşınması barədə növbəti materialı dərc edib.
Bir müddət əvvəl də Bolqarıstan mətbuatı oxşar məlumat yayıb. Azərbaycanın bu ölkədəki səfirliyi "Silk Way" aviaşirkəti əməliyyatları barədə fərziyyələri əsassız olduğuna görə qətiyyətlə rədd edib. Səfirlikdən bildirilib ki, "Silk Way" aviaşirkəti Azərbaycanda yük daşınmasının material-texniki təminatı sahəsində aparıcı şirkətdir. Bildirilib ki, "Silk Way" bütün dünyada etibarlı, effektiv və şəffaf əməliyyatlarına görə, beynəlxalq nüfuz qazanıb, şirkətin fəaliyyəti IATA və ICAO beynəlxalq təşkilatlarının müddəalarına tam uyğundur.