Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT XİNŞ-in 21-ci iclası çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşüb.
XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı ATƏT DTİHB-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd edib.
M.Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib. O, həmçinin regiona səfər etmək niyyətində olduğunu qeyd edib.