Yuxarı

Azərbaycan XİN "Borusiya Dortmund" klubunun erməni futbolçusunun Bakıya buraxılmayacağı məsələsinə münasibət bildirib

Hikmət Hacıyev: İdmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi "Borusiya Dortmund" futbol klubunun erməni futbolçusunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" komandası ilə keçiriləcək oyuna görə Bakıya buraxılıb-buraxılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan xarici siyasət idarəsinin sözçüsü Hikmət Hacıyev deyib ki, son on ildə ölkədə 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışları keçirilib: 

"Bunların sırasında London Olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə 3-cü dünya çempionatı, sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı, Boks üzrə XVI Dünya Çempionatı, Cüdo üzrə "World Masters" beynəlxalq turniri, eləcə də Grand-Prix və Grand-Slam yarışlarını, habelə bədii Gimnastika üzrə Avropa Çempionatlarını, Atıcılıq üzrə Qəbələ Beynəlxalq turniri və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən yüzdən artıq idmançı iştirak edib".

Onun sözlərinə görə, qarşıdan gələn illərdə də ölkədə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub:

"Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq, "Borussiya Dortmund" klubunun da Azərbaycana səfəri də ayri-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər.

İdman ilə siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir.

Arzuolunmaz şəxslər siyahısına gəldikdə isə burada bir hal fərdi qaydada nəzərdən keçirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi