Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün Belqradda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 35-ci iclasında iştirak edir.
Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclas zamanı nazirlər Serbiyanın QDİƏT-dəki sədrliyinin nəticələrini, təşkilatın maliyyə bazasının möhkəmləndirilməsi, 2017-ci ildə onun 25 illiyinə hazırlıq, onun fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələləri nəzərdən keçirəcəklər.
Xatırladaq ki, hazırda QDİƏT-ə Serbiya sədrlik edir. Gələn ilin yanvar ayından iyun ayına qədər isə sədrlik Türkiyəyə keçəcək. QDİƏT 1999-cu ildə yaradılıb və onun tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.