Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 2015-ci ilin yekunlarına dair bir sıra KİV-lərin, o cümlədən "Report"un suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:
- 2015-ci il Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı baxımdan əsasən hansı mühüm hadisələrlə yadda qalıb? Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafında nə kimi rol oynayıb?
- 2015-ci ildə də cənab Prezidentin bilavasitə rəhbərliyi və nəzarəti altında milli maraqlarımıza və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının müstəqil və uğurlu xarici siyasət kursu davam etdirilib. 2015-ci ilin yekunlarına nəzər salsaq, ölkəmiz üçün siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahələrdə uğurlu il olmuşdur. Dünya ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da inkişaf etmiş və bu özünü xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərdə göstərmişdir.
Belə ki, 2015-ci il ərzində Azərbaycan Respublikasına Pakistan İslam Respublikası, Vyetnam Sosialist Respublikası, Çexiya Respublikası və Əfqanıstan İslam Respublikası prezidentləri rəsmi, Fransa Respublikası prezidenti isə işgüzar səfər etmişdir.
Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün Belarus Respublikası, Serbiya Respublikası, Rusiya Federasiyası, Türkiyə Respublikası, Türkmənistan, Tacikistan Respublikası, Monteneqro, Bolqarıstan Respublikası və Bosniya və Herseqovinanın dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya Haşimilər Krallığı şahzadələri, Gürcüstan, Qazaxıstan Respublikası, Bolqarıstan Respublikası, Rumıniya, Qırğız Respublikası və İtaliya Respublikası hökumət rəhbərləri, Macarıstan, Çexiya Respublikası, Slovakiya Respublikası, Lixtenşteyn Knyazlığı və Avstriya Respublikasının parlament rəhbərləri Azərbaycana səfər etmişlər.
Cari ildə Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Respublikası baş nazirləri rəsmi, Serbiya Respublikası, Gürcüstan və Monteneqro baş nazirləri isə Azərbaycanada işgüzar səfərlərdə olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikası, Müqəddəs Taxt-Tac, Səudiyyə Ərəbistanı Krallığı, Gürcüstan və Belarus Respublikasına rəsmi, Çin Xalq Respublikasına dövlət, Almaniya Federativ Respublikası, İtaliya Respublikası və İsveçrə Konfederasiyasına işgüzar səfərlər etmişdir.
Qeyd olunan dövr ərzində Azərbaycan Respublikası Prezidenti Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak məqsədilə Türkiyə Respublikasına (Ankara), Dünya İqtisadi Forumunda iştirak məqsədilə İsveçrə Konfederasiyasına (Davos), 51-ci Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münhen), Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) təməlqoyma mərasimində iştirak məqsədilə Türkiyə Respublikasına (Qars), Sülh Sammiti və Çanaqqala döyüşlərinin 100-cü ildönümünə həsr olunmuş anım tədbirində iştirak məqsədilə Türkiyə Respublikasına (Çanaqqala), Böyük Vətən müharibəsində Qələbənin 70-illiyinə həsr olunmuş təntənəli yubiley tədbirlərində iştirak məqsədilə Rusiya Federasiyasına (Moskva), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak məqsədilə Qazaxıstan Respublikasına (Astana), MDB iştirakçı-dövlətləri dövlət başçıları Şurasının iclasında iştirak məqsədilə Qazaxıstan Respublikasına (Burabay), G20 Liderlər Sammitində iştirak məqsədilə Türkiyə Respublikasına (Antalya), YUNESKO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı məqsədilə Fransa Respublikasına (Paris) səfər etmişdir.
Azərbaycanın xarici işlər naziri Slovakiya Respublikası, Gürcüstan, Latviya Respublikası, Rusiya Federasiyası, Xorvatiya və Panama Respublikasına rəsmi, Fransa Respublikası, Avstriya Respublikası və Rusiya Federasiyasına işgüzar səfərlər həyata keçirmişdir.
2015-ci il ərzində Türkiyə Respublikası (üç dəfə), Sudan Respublikası, San Marino Respublikası, Gürcüstan, Kosta Rika Respublikası və İran İslam Respublikasının xarici işlər nazirləri rəsmi, Rusiya Federasiyası xarici işlər naziri isə işgüzar səfərlə Azərbaycanda olmuşdur.
Həmçinin ikitərəfli müqavilə-hüquq bazasının möhkəmləndirilməsi baxımdan 70-dən çox müqavilə imzalanmışdır.
2015-ci ildə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin Slovakiya Respublikasında ofisi, Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Peru Respublikasındakı ofisi və İtaliya Respublikasının Kataniya şəhərində Fəxri Konsulluğu açılmışdır.
2015-ci il ərzində Bakı şəhərində Əlcəzair Xalq Demokratik Respublikasının Səfirliyinin və Portuqaliya Respublikası Səfirliyinin ofisləri fəaliyyətə başlamışdır.
Qarşılıqlı səfərlərin intensivliyi, geniş coğrafiyası, imzalanan sənədlər və perspektiv əməkdaşlıq sahələrinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2015-ci il ikitərəfli əsasda Azərbaycanın dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi baxımdan məhsuldar olmuşdur.
- Ermənistan-Azərbaycan münaqişəsinin həlli və çoxtərəfli diplomatiya baxımdan 2015-ci il xüsusilə hansı hadisələrlə xarakterizə olunmuşdur?
- Təbii və istisnasız olaraq, xarici siyasət gündəliyində prioritet məsələ Ermənistan-Azərbaycan münaqişəsi olmuşdur. Münaqişənin həllinin siyasi-hüquqi əsasları artıq çoxdan müəyyən olunub və bu ilk növbədə BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin tələblərinə və digər beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdikləri sənədlərə əsaslanır. 2015-ci ildə əlamətdar hadisə 19 dekabrda Berndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü olmuşdur. Görüşün nəticələri və ümumiyyətlə, danışıqlar prosesi haqqında mənim tərəfindən bu günlərdə KİV-ə ətraflı müsahibə verilmişdir.
Onu əlavə edə bilərəm ki, il ərzində münaqişənin həlli ilə bağlı ədalətli mövqeyimizin daha da gücləndirilməsi istiqamətində müxtəlif beynəlxalq platformalarda fəal iş aparılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ikitərəfli və çoxtərəfli formatda keçirilmiş bütün görüş və tədbirlərdə prioritet məsələ kimi daim müzakirə edilib.
Bu xüsusda, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı qeyd edilməlidir. Məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir. İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətin davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Bundan əlavə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd edib ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barəsində çağırışlarla başlayıb.
Küveytdə 27-28 may 2015-ci il tarixində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci Toplantısının Yekun bəyannamənin preambula hissəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır. Həmçinin, sessiyada sırf Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iki sənəd qəbul edilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü” adı altında qəbul edilmiş birinci qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyət Ermənistanın üzərinə düşdüyü qeyd olunur.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” başlıqlı qəbul edilmiş ikinci sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Ermənistandan o da tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərində Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.
Həmçinin, 3 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə qurama “seçkilər” və 13 sentyabr 2015-ci il tarixində keçirilmiş qondarma rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməsi və nəticələrinin tanınmaması istiqamətində işlər görülmüşdür. Bu məsələdə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən yekdil fikir ortaya qoyulmuşdur.
ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi ilə paralel, qarşıdan gələn ildə də bütün müqabil beynəlxalq təşkilatlarda münaqişə ilə əlaqədar məsələlər qaldırılacaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması prosesi davam etdiriləcəkdir.
Qoşulmama hərəkatının fəal üzvü kimi Azərbaycan siyasi hərbi-bloklara qoşulmadan BMT nizamnaməsinə uyğun olaraq, qarşılıqlı faydalı əməkdaşlıq, bərabərahüquqluluq, daxili işlərə qarışmamaq və hörmət prinsipləri əsasında dünya birliyi ilə əlaqələrini inkişaf etdirmişdir.
Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi baxımdan BMT-nin təsis edilməsinin 70 illiyinə təsadüf edən sessiyanı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikası BMT-nin fəal üzvüdür və 70-ci sessiya çərçivəsində ölkəmiz aparılan müzakirələrdə yaxından iştirak etmiş və gündəlikdə olan fundamental məsələlər üzrə baxışlarımız dünya birliyinin diqqətinə çatdırılmışdır.
Ümumiləşdirilmiş şəkildə təsnif etsək, 70-ci sessiyanın gündəliyi ilə əlaqədar Azərbaycanın prioritetlərini Ermənistan-Azərbaycan münaqişəsi və onun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsi, sülh və təhlükəsizliyin qorunub saxlamasında BMT-nin rolu, silahlı münaqişələr və onların doğurduğu fəsadların aradan qaldırılması, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin və beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi, terrorizmə, ekstremizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar, Azərbaycan tərəfindən Minilliyin İnkişaf Məqsədlərinin uğurla yerinə yetirilməsi, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, regionlararası əməkdaşlığa və inkişafa xidmət edən TANAP, TAP qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmiryolu və TASİM layihələrinin icrası, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsi kimi məsələlər təşkil etmişdir.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının ümumi müzakirələri, “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatı, BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclası, “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair toplantı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfrans, Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə Zirvə toplantısı, “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumu, Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatların əlaqələndirmə toplantılarında çıxış etmişdir.
2015-ci ildə Azərbaycan Respublikası YUNESKO-nun Ümumdünya İrs Komitəsinin və YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin və 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının üzvlüyünə namizədlikləri ilə bağlı müvafiq iş aparmışdır.
Azərbaycan 18 noyabr 2015-ci il tarixində 115 səs toplayaraq Kuba, İndoneziya, Küveyt ilə bərabər ilk dəfə olaraq dörd il müddətinə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2016-2019-cu illər üzrə üzvlüyünə seçilmişdir. Ölkəmiz həmçinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 2016-2019-cu illər üzrə üzvlüyünə öz namizədliyini irəli sürmüşdür. Komitənin mandatına daxil olan məsələlərin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. 2011-ci ildə Azərbaycan bu Komitənin üzvü seçilmişdir və dörd il ərzində işğal olunmuş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitənin gündəliyində saxlanılmasına müvəffəq olmuşdur. Bu ilin dekabr ayında keçirilmiş seçkilərdə Azərbaycan üzv dövlətlərin əksəriyyətinin səsini toplayaraq növbəti dörd illik mandata Komitəyə üzv seçilmişdir.
Səsverməsi 2016-cı ildə BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı keçiriləcək BMT İqtisadi və Sosial Şuranın 2017-19-cu illər üzrə üzvlüyünə namizədliyimiz ilə bağlı fəaliyyət 2015-ci ildə də davam etmişdir.
Qarşıdan gələn ildə də hədəflərimizə Azərbaycanın milli maraqları əsasında müstəqil xarici siyasət kursunun davam etdirilməsi, ölkəmizin suverenliyinin gücləndirilməsi və qorunması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi istiqamətində çoxistiqamətli aktiv fəaliyyətin davam etdirilməsi, iqtisadi, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsi və Azərbaycanın mal və xidmətləri üçün yeni bazarların müəyyən edilməsi, mədəni, humanitar və idman diplomatiyamızın inkişaf etdirilməsi kimi məqsədlər daxildir.
- Yaxın Şərqdə, özəlliklə İraq və Suriyada fəaliyyət göstərən İŞİD terrorçu təşkilatın Azərbaycana və eləcə də Cənub Qafqaza təsiri varmı və bu təsirinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
- Ümumilikdə, terror konkret regionlar üçün deyil, bütün dünya üçün təhlükədir, sülh və sabitliyin qorunub saxlanılmasına real təhdiddir. Terrorun hər hansı dinlə bağlılığı da yoxdur. Hazırda dünyanın müxtəlif regionlarında baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsi təəssüf doğurur və qəbuledilməz yanaşmadır. İslam sülh və əmin-amanlıq dinidir.
BMT Təhlükəsizlik Şurasının 2259 (2015) və 2253 (2015) saylı qətnamələrində İŞİD kimi özünü təqdim edən terror təşkilatı və Əl-Qaidənin beynəlxalq sülh və təhlükəsizliyə qlobal təhdid olduğu bir daha vurğulanır. Müsbət haldır ki, bu qətnamələr vasitəsilə BMT TŞ-nın Əl-Qaidəyə qarşı yaradılmış mexanizmləri, o cümlədən sanksiyalar siyahısı İŞİD-ə qarşı da tətbiq olunur. Terrorizmə qarşı mübarizədə davamılılıq olmalı, hər hansı yeni terror təşkilatının meydana çıxması əvvəlkilərin yaddan çıxarılması anlamına gəlməməlidir.
Terrorizmdən əziyyət çəkən bir dövlət olaraq, Azərbaycan terrorçuluqla mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayırıq. Bu xüsusda, BMT TŞ-nın 2259 və 2253 saylı qətnamələrinin tələblərinin həyata keçirilməsi istiqamətində Azərbaycan öz töhfələrini verməkdə davam edəcəkdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü çərçivəsində TŞ-ya sədrlik edən zaman 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki-Munun iştirakı ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşü keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilmişdir. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilmişdir.
Digər bir məqamı da nəzərə almaq lazımdır ki, terroru yaradan münaqişələrdir. Terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir. Silahlı münaqişələrdən zərər çəkən ərazilər terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Ermənistanın xüsusi xidmət orqanlarının iştirakı ilə ASALA və digər erməni terror təşkilatları tərəfindən ölkəmizin ərazisində törədilmiş terror aktları bunun əyani sübutudur. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır.
Terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi önəmlidir. Azərbaycan əsrlər boyu müxtəlif dini icmaların sülh şəraitində yaşadığı yer olmuşdur. Bu gün Azərbaycan qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə öz töhfəsini verir. Əminik ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu istiqamətdə növbəti mühüm addım olacaqdır.
- Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər. Azərbaycan hansı halda bu İttifaqa üzv ola bilər?
- Hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadə istifadə edilmiş və bunun mənası izah edilmişdi. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?
Hazırki şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyildir. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin, bu hələ Azərbaycanın bu təşkilata üzvlüyü demək deyildir.
Onu əlavə edə bilərəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər vardır.
- Son günlər cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Belə deyim var ki, diplomatların sözü qurtaranda silahlar danışmağa başlayır. Deyə bilərikmi ki, diplomatik resurslar artıq tükənmişdir və regionda sülhün saxlanması üçün status kvo dərhal dəyişdirilməlidir?
- Əslində 1994-cü ildə atəşkəs rejiminin tətbiq edilməsindən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca insan tələfatı ilə müşayiət olunan atəşkəsin pozulması halları heç zaman dayanmamış və müharibə 20 ildən artıq bir dövrdə davam edir. Bunun da əsas səbəbi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın silahlı qüvvələrinin mövcudluğudur. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca I və II Dünya müharibəsinə bənzər formada əsgərlər, səngərlər və silahlar üzbəüz dayanmaqda davam edirlər. Ona görə də Ermənistanın işğalçı qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmadan silahların susması və davamlı sülhün təmin olunmasından danışmaq qeyri-mümkündür. Ermənistanın nisbi atəşkəsə və status kvoya güvənərək münaqişənin fundamental əsasını təşkil edən işğal və təcavüz faktını aradan qaldırmadan sülhdən danışması özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildir.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması gərginliyin aradan qalxmasına, münaqişənin danışıqlar yolu ilə həlli və diplomatiyanın tam şəkildə özünü ifadəsi üçün mühüm zəmin yarada bilərdi. Təəssüf ki, 20 ildən artıq davam edən bir dövr ərzində bu imkandan lazımınca istifadə edilməmişdir. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğu ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlər və xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatlarda da dəfələrlə ifadə olunmuşdur.
Odur ki, hal-hazırda danışıqlar prosesində müzakirədə olan mövcud təkliflərin həyata keçirilməsi üçün səylər daha da artırılmalı və mövcud status kvo dəyişdirilməlidir.
- Sizcə, nəyə görə rəsmi Yerevan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması arasında təmaslara imkan vermir?
- Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirləri və xalqlararası dialoqdan danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılması barəsində israrlı mövqe nümayiş etdirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgə yaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yarada və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə verə bilər. Əvvəlki illərdə əslən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin erməni icması nümayəndələri ilə görüşləri keçirilmiş və qarşılıqlı səfərlər təşkil etmişdi. Amma bir-iki belə təşəbbüsdən sonra Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələrini nəzərə alaraq, bunun qarşısını almağa yönəlmiş siyasət yürütdü. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə mane olmağa çalışır. Bununla əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini və ilhaqçı siyasət yürütdüyünü bir daha təsdiq edir. 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da işğal olunmuş ərazilərdən didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması faktı da öz təsbitini tapmışdır.
Digər tərəfdən rəsmi Yerevan işğal nəticəsində tamamilə təcrid vəziyyətində saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının azərbaycanlı icması ilə təmaslar vasitəsilə Azərbaycana olan meylliyin artmasından və Azərbaycanın sərhədləri daxilində firavan birgə yaşayış modelinin qəbul edilməsindən ciddi şəkildə narahatdır. Bir faktı da nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilərdə, eləcə də Ermənistanın özündə sosial-iqtisadi vəziyyət olduqca ağırdır və kütləvi dərəcədə ifrat yoxsulluq vəziyyəti hökm sürür.
Ermənistan tərəfi anlamalıdır ki, bu kimi süni əngəllərin sonu yoxdur. Beynəlxalq hüquqa görə hər bir işğal müvəqqəti xarakter daşıdığı kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərin də işğalı müvəqqətidir. İşğal faktının mövcudluğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasını, eləcə də işğal edilmiş digər ərazilərdən qanlı etnik təmizləmə nəticəsində didərgin salınmış azərbaycanlı məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmaq və mülkiyyətlərinə yenidən sahib çıxmaq hüququndan məhrum edə bilməz.
Münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasları təşviq etməli və bu xüsusda, Ermənistana təzyiq göstərilməlidir.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı aparılan danışıqlar nə yerdədir?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyası yaradılmışdır. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitələri və agentliklərinin rəhbər işçilərindən ibarətdir.
Ölkəmizin ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində ən vacib məsələlərdən biri olan çoxtərəfli danışıqlar davam etdirilir. Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunmuşdur. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı sonuncu, 12-ci iclas 6 mart 2015-ci il tarixdə İsveçrənin Cenevrə şəhərində keçirilmişdir. İclasda ölkənin son sosial-iqtisadi göstəriciləri haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. İclasda İşçi Qrupun 11-ci iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrupun Hesabat Layihəsinin bölmələri üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılmışdır. Görüşün nəticəsi olaraq üzv ölkələr bir sıra sual və şərhlərini Azərbaycan tərəfinə ünvanlamış, təkliflər vermiş və müvafiq sənədləri sorğu etmişlər.
Çoxtərəfli danışıqlarla yanaşı, Azərbaycan Respublikası ÜTT-yə üzv olma prosesində 19 dövlət ilə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Beləliklə, Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatmışdır. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilmişdir. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır. Sonuncu dəfə ikitərəfli danışıqlar 3-6 mart 2015-ci il tarixlərində Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilmişdir.
Paralel olaraq,Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"ndan irəli gələrək qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması prosesi də davam etdirilir.
Üzv ölkələrin öz tələbləri var, bu təkliflər bir çox halda bizi qane etmir. İstəyimiz Azərbaycan üçün ən məqbul olan şərtlərin təqdim edilməsidir. Bizim üçün vacib zaman deyil, vacib olan odur ki, şərtlər bizim ölkəyə, qeyri-neft sektoruna heç bir xələl gətirməsin. Bizim məqsədimiz əvvəlcə iqtisadiyyatımızın şaxələndirilməsi, sonra isə üzvlük məsələsinin yekunlaşdırılmasından ibarətdir.
- Bu il ərzində viza prosedurunun sadələşdirilməsi istiqamətində hansı işlər görüldü?
- Bildiyiniz kimi, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılmışdır. Bu sistem bütün viza prosedurlarını elektron formata yönəldilməsi məqsədilə tərtib edilib və bu ölkəyə çox sayda turistlərin cəlb olunmasına yardım edir. Normativ hüquqi aktların tələblərinə əsasən, turistlər bütün lazımı informasiyanı əvvəlcədən lisenziya almış milli turizm şirkətlərinə təqdim etməlidirlər və bundan sonra şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə müraciət edirlər. Etibarlılıq müddəti 30 gün olan elektron vizalar təxminən 10 gün ərzində XİN tərəfindən təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir. Azərbaycana daxil olmaq üçün turist yalnız bu sənədi çap edərək sərhəddə təqdim etməlidir. Həmçinin, bu sahədə qanunvericilik bazasını gücləndirmək məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilib və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə sözügedən reqlamentə bir-sıra dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər təqdim edilmişdir. Hazırda elektron turistik vizaların rəsmiləşdirilməsi sahəsində müvafiq təkmilləşdirmə işləri aparılmaqdadır və adıçəkilən vizaların rəsmiləşdirilməsi üçün müraciətlərə baxılma müddətinin azaldılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupunun mütəmadi iclasları keçirilir və bununla bağlı müvafiq tədbirlər görülməkdədir.
- Gürcüstanla sərhədin delimitasiyası məsələsində nə kimi irəliləyişlər var?
- Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhəd xəttinin uzunluğu 480 km təşkil edir. Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstanın eyni adlı Komissiyası ilə bu günə qədər keçirilmiş görüşlərində dövlət sərhəd xəttinin 314 km hissəsi razılaşdırılmış və bu barədə müvafiq protokollar imzalanmışdır. Dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə Komissiyalar və İşçi Qrupları səviyyəsində keçirilən görüşlərdə müzakirələr aparılır.
12-13 mart 2015-ci il tarixində Tbilisi şəhərində Dövlət Komissiyasının iclası keçirilmişdir. Eyni zamanda Komissiyalarının ekspert qrupları səviyyəsində də mütəmadi olaraq razılaşdırılmamış sahələr üzrə yerində baxış və işçi görüşlər həyata keçirilir.
Ümumiyyətlə, onu qeyd etməliyəm ki, Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində bu məsələnin də həlli qarşılıqlı anlaşma şəraitində müzakirə olunur.
- Xəzər dənizinin hüquqi statusu ilə bağlı gələn il Astanada keçirilməsi təklif olunan sammitdə razılığın əldə edilməsi perspektivini necə dəyərələndirirsiniz?
- Məlum olduğu kimi, hazırkı tarixədək Xəzəryanı ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları 2002-ci ildə Aşqabadda, 2007-ci ildə Tehranda, 2010-cu ildə Bakıda və 2014-cü ildə Həştərxanda keçirilmişdir.
Növbəti Zirvə Toplantısının gələn ildə Astanda keçirilməsi nəzərdə tutulur və Qazaxıstan tərəfi həmin tədbirdə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın qəbul edilməsini hədəf kimi irəli sürür.
Bakı və Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin Dövlət Başçılarını Zirvə Toplantılarında qəbul edilmiş mühüm əhəmiyyətli siyasi qərarlar “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin bir sıra prinsipial xarakterli müddəalarının razılaşdırılmasına öz töhfəsini vermişdir.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin hazırlanması üzrə Xəzəryanı ölkələrin Xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupu formatında danışıqlar davam etdirilir. Xüsusi İşçi Qrupunun növbəti 43-cü iclasının gələn ilin yanvar ayında Aşqabadda keçirilməsi nəzərdə tutulur. Tərəflərin mövqeyində yaxınlaşmanın müşahidə edilməsinə baxmayaraq, bir sıra vacib məsələlər üzrə hələ də fikir ayrılıqları qalmaqdadır. Bu cür razılıqların əldə olunmasında bütün tərəflərin konstruktiv yanaşma və xoş məram nümayiş etdirəcəyinə ümid edirik.
- Bu il Azərbaycanla Avropa İttifaq arasında münasibətlər necə xarakterizə edərdiniz. Qarşıdan gələn ildə perspektivlər nədən ibarətdir?
- 2015-ci il Azərbaycan Respublikası və Avropa İttifaqı münasibətlərinin tarixində bir neçə mühüm hadisə ilə yadda qalmışdır. Əlbəttə, ilk olaraq Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və əsassız qətnaməsi üzərində dayanmaq istərdim. Bu sənəd tələsik formada bəzi qərəzli qüvvələrin səyləri nəticəsində qəbul olunmuş və orada ölkəmizə qarşı böhtan xarakterli iddialar irəli sürülmüşdür. Azərbaycan tərəfi hadisələrin bu məcrada inkişaf etməsində maraqlı deyil. Əksinə, əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə böyük önəm vermiş və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə praktiki addımlarla töhfə vermişdir.
Bu xüsusda, 2015-ci ildə ikitərəfli əlaqələr üçün mühüm olan bir neçə vacib tədbiri vurğulamaq istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 12 fevral 2015-ci il tarixində Bakı şəhərində təşkil olunmuş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası qeyd olunmalıdır. Bu iclas Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin həyata keçirilməsi baxımından vacib bir tədbir olmuşdur. 21 - 22 may 2015-ci tarixində Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş Şərq Tərəfdaşlığının 4-cü Zirvə Toplantısının birgə bəyannaməsində ilk dəfə olaraq bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyinin dəstəklənməsinə Aİ-nin sadiq qaldığı bəyan edilmişdir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk 21 - 22 iyul 2015-ci il tarixində Azərbaycana səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilmiş görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur. Bakıda olarkən Donald Tusk enerji sahəsində etibarlı və strateji tərəfdaş olan Azərbaycanla əlaqələrin Avropa İttifaqı üçün vacibliyini bir daha təsdiq etmişdir.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrini inkişaf etdirmək üçün strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etmişdir. Saziş layihəsindən irəli gələn və ikitərəfli əməkdaşlığa aid məsələləri müzakirə etmək üçün bu ilin dekabrında Avropa Xarici Siyasət Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan hər zaman Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərinin həmin ölkələrin məqsədləri, istəkləri və tələbləri nəzərə alınmaqla inkişaf etdirilməsinin tərəfdarı olmuşdur. Müsbət haldır ki, Azərbaycan tərəfinin təşviq etdiyi fərqləndirmə, başlıca əməkdaşlıq sahələrinə yönəlmə, çeviklik və daha çox sahiblik prinsipləri 2015-ci ilin noyabr ayında yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində əsas elementlər olacaqdır.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, qeyri-neft sektoru, həmçinin nəqliyyat, təhsil, mədəniyyət və digər birgə maraq kəsb edən sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur və ümid edirik ki, birgə səylərlə tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdiriləcəkdir.
- 2015-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi əməkdaşları ilə bağlı müəyyən problemlər yarandı. Qurum sıralarından uzaqlaşdırılan, özü könüllü gedərək xaricdə qalan əməkdaşlar oldu. Bu barədə nə deyə bilərdiniz?
- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərdiyi qayğı və diqqətin sayəsində xüsusən son on il ərzində Azərbaycanın peşəkar və hazırlıqlı diplomat korpusu formalaşmış, Xarici İşlər Nazirliyinin maddi-texniki bazası gücləndirilmiş, yeni diplomatik nümayəndəliklər açılmış, milli təhsil sistemində və dövlət qulluqçularının peşə hazırlığının artırılmasında xüsusi rolu olan ADA Universiteti yaradılmıışdır.
Dövlət qulluğunun xüsusi forması olan Xarici İşlər Nazirliyində işə qəbul, işçilərin peşəkar hazırlığı və vəzifə səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar ciddi tələblər vardır.
Bu gün Azərbaycanı təmsil etmək kimi şərəfli adı daşıyan, dövlətə və xalqa sadiq olan diplomatlarımız çətin iqlim şəraiti, ağır təhlükəsizlik və kriminogen durumu olan və hətta yolxucu xəstəliklərin geniş yayıldığı ölkələrdə layiqincə və vicdanla xidmət edirlər. Xarici İşlər Nazirliyinin təlimat və tapşırıqlarına uyğun olaraq, onlar ölkəmizə qarşı xaricdən ola biləcək hədə və təhdidlərin müəyyən edilməsi, ölkəmizin milli maraqları, siyasi-iqtisadi və digər mənafelərinin qorunması, xaricdə vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi naminə çalışırlar.
Müsbət haldır ki, Xarici İşlər Nazirliyi sistemində iş təcrübəsi olan əməkdaşlar bu gün digər dövlət qurumlarında da çalışaraq, dövlətçiliyimizə xidmət edirlər.
Digər dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olması istisna deyildir. Bu kimi faktlar müəyyən edildiyi halda, müvafiq araşdırma aparılaraq, işdən xaric etmək də daxil olmaqla, ciddi intizam tədbirləri görülür. Əməkdaş tərəfindən hər hansı bir xidməti nöqsana yol verildiyi halda, Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, kompleks yanaşma tətbiq edilir. Onun dövlətə və xalqa sadiqliyi, qüsursuz xidməti fəaliyyəti, əqidəsi, peşəkarlığı, xidmətə uyğunluğu və sair bu kimi amillər nəzərə alınaraq, qərar qəbul edilir. Xidmətdən azad edilmiş hər hansı şəxs özünün və ailəsinin yaşayış yerini seçməkdə sərbəstdir.
Qanunun tələblərinə uyğun olaraq, belə intizam tədbirləri həmişə olub və bundan sonra da davam etdiriləcəkdir.
Amma burada əmək müqaviləsinə xitam verilmiş bir neçə şəxsdən söhbət getdiyi halda, bəzi qərəzli internet media orqanlarının məsələni qəsdən şişirtməsi, vicdan və ləyaqətlə ölkəmizə xidmət edən bütün Xarici İşlər Nazirliyi sistemi əməkdaşlarına şamil edilməsi və ya qarayaxma cəhdləri yolverilməzdir.