Azərbaycan XİN: 2017-ci ildə Ermənistan danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib

Azərbaycan XİN: 2017-ci ildə Ermənistan danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib Hikmət Hacıyev: "Ərazi bütövlüyünün bərpası məsələsi xarici siyasətin əsas prioriteti olaraq qalır"
Xarici siyasət
28 Dekabr , 2017 10:43
Azərbaycan XİN: 2017-ci ildə Ermənistan danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib
Report

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Azərbaycanın xarici siyasətinin əsas prioriteti olaraq qalır".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər çərçivəsində 2017-ci ildə Azərbaycanın xarici siyasət kursu davam etdirilib: "Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional təhlükəsizliyin qorunması, eləcə də Xəzər regionunda əməkdaşlıq məsələləri, vətəndaşların hüquqlarının müdafiəsi, beynəlxalq arenada müsbət imic əhəmiyyətli yer tutub".

H.Hacıyevin sözlərinə görə, XİN 2017-ci ildə xarici ölkələrdə Azərbaycanın maraqlarının pozulması faktlarının qarşısının alınması, informasiya müharibəsi ilə mübarizə, o cümlədən erməni təbliğatının nəticəsində yaranan halların aradan qaldırılması üzrə işlər həyata keçirib: "Ermənistan təxribatlar, eləcə də heç kimin tanımadığı qondarma referendum keçirməklə danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib. Bütün bunların qarşılığında beynəlxalq ictimaiyyət növbəti dəfə birmənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ATƏT-in Minsk qrupunun səylərinin artırılması fonunda yayda Füzuli rayonunun Alxanlı kəndində təxribat törədildiyini xatırladıb.

"İctimaiyyət bir daha Ermənistanın diplomatik danışıqlar vasitəsilə münaqişənin sülh yolu ilə həll edilməsini istəmədiyinin şahidi oldu", - XİN-in mətbuat xidmətinin rəhbəri bildirib.

O həmçinin bu il Cenevrədə prezidentlərinin görüşünün keçirildiyini və nəticədə xarici işlər nazirlərinə substantiv danışıqları davam etmək tapşırığı verildiyini xatırladıb.

"Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həll olunması ilə bağlı danışıqları davam etdirmək niyyətindədir", - H.Hacıyev əlavə edib.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, bu il Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də mühüm işlər görüb, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi razılaşdırılıb, digər ölkələrlə diplomatik əlaqələr qurulmasının 25 illiyi qeyd olunub, hökumətlərarası komissiyaların 10-a yaxın görüşü keçirilib.

Həmçinin onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanın xarici siyasətində Azərbaycan - İran - Rusiya, Azərbaycan - Türkiyə - İran, Azərbaycan - Türkiyə - Gürcüstan kimi üçtərəfli formatda görüşlər mühüm rol oynayıb.

Son xəbərlər

Orphus sistemi