Yuxarı

Nazir müavini: "Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının reaksiyasını gözləyir"

Bu, yalnız uzunmüddətli perspektivdə mümkündür

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının münasibət bildirəcəyini gözləyir. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirib. 

"Biz Aİ ilə viza rejiminin sadələşdirilməsində nailiyyətlərin qiymətləndirilməsi ilə bağlı danışıqlara başlamağı və bu istiqamətdə gələcəkdə atılacaq addımları planlaşdırırıq", - o qeyd edib.

Onun sözlərinə görə, belə bir təcrübə mövcuddur ki, razılaşmanın birinci mərhələsinin həyata keçirilməsinin uğuru bir müddətdən sonra bu istiqamətdə gələcək fəaliyyətlə bağlı məsələ qaldırmağa imkan verir. 

"Razılaşmanın qüvvəyə minməsindən 6 ay keçib, nailiyyətləri nəzərdən keçirməyin və qiymətləndirməyin, eləcə də viza rejiminin sadələşdirilməsi prosesində gələcək addımlar haqqında düşünməyin vaxtıdır", - M.Məmmədquliyev vurğulayıb. 

O, Avropa İttifaqı ilə viza rejiminin tam ləğv olunmasını istisna etməyib. 

Nazir müavini əlavə edib ki, bu, yalnız uzunmüddətli perspektivdə mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi