Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub May ayının 1-də ənənəvi olaraq hər il Böyük Britaniyada təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürüb.
Xarici siyasət
1 May , 2024 17:39
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub

Böyük Britaniyada hər il may ayının 1-də təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” start götürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.

Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, sü­va­rilər dəstəsi, “Land of Fire” polo komandası daxildir. Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozi­siyanın əsasını ta­ma­şaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunda Əməkdar artisti Afaq Abba­sova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Milli musiqinin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqs­lərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kul­minasiya nöqtəsini süvarilərin Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə Heydər Əliyev Fon­dunun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaq.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30 000-dən çox tamaşaçının qatılacağı gözlənilir. “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, may ayının 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi