İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub.
"Report"un xəbərinə görə, bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb.
"Görüşdə bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik", - nazir vurğulayıb.