Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi də aparılıb
Xarici siyasət
8 May , 2015 14:19
Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən baş nazirin müavini, iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, xarici işlər naziri Qjeqorj Sxetına, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti - VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov Azərbaycan – Polşa münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Polşa Respublikasının yüksək səviyyədə təmsil olunacağına işarə edən Xələf Xələfov, Polşa idmançılarına uğurlar arzulayıb.

Görüşlər zamanı Polşa tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bildirib. Eyni zamanda qarşı tərəf Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiklərini vurğulayıb.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.

Son xəbərlər

Orphus sistemi