Yuxarı

Azərbaycan və Malayziya korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirir

Ölkələr arasında bu sahədə əməkdaşlıq üçün anlaşma memorandumu imzalanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziya Antikorrupsiya Komissiyası (MACC) korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalayıb.

"Report"un "Bernama"ya istinadən verdiyi xəbərə görə, memorandumu Azərbaycan tərəfdən baş prokurorun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev, MACC tərəfdən isə əməliyyat üzrə baş komissarın müavini Datuk Seri Mohd Şükrü Abdul imzalayıb.

Sənəd Malayziyada MACC-ın qərargahında imzalanıb.

Azərbaycan MACC ilə memorandum imzalayan 15-ci ölkə və təşkilat olub.

Anlaşma memorandumu özündə tərəflərin yeddi sferada, dəqiq desək, araşdırmalarla bağlı məlumatların verilməsi, cinayət və korrupsiya fəaliyyəti haqqında məlumat mübadiləsi, istintaqın effektiv üsullarının mübadiləsi sahəsində əməkdaşlığını ehtiva edir.

Sənədin imzalanması ilə yanaşı, eyni zamanda ikitərəfli görüş də keçirilib. Görüşdə hər iki strukturun nümayəndələri korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi