Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB Görüş noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra baş tutub
Xarici siyasət
28 Noyabr , 2016 23:03
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

İlk xəbər 18:31-də dərc olunub

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Report"un məlumatına görə, görüş noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra baş tutub.

***

İlham Əliyev görüşdə bildirib ki, "bu gün ikitərəfli gündəliyin bir sıra mühüm məsələləri - regional problemlər, regional təhlükəsizliklə, əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi apardıq. İndi biz diskussiyaları geniş tərkibdə davam etdirəcəyik".

Prezident nümayəndə heyəti üzvlərinin də öz istiqamətləri üzrə işləmək imkanına malik olacaqlarına əminliyini ifadə edib:

"Çünki bu gün bu masa arxasında bir sıra nazirliklərin, şirkətlərin, idarələrin rəhbərləri təmsil olunub. Onların öz aralarında münasibətləri var və əməkdaşlıq potensialını artırmaq niyyətindədirlər.

Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb. Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır. Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə beynəlxalq aləmdə haqlı olaraq nüfuz qazanıblar".

Dövlət başçısı iki ölkə arasında münasibətlərin böyük bir blokunun iqtisadi məsələlərlə bağlı olduğu qeyd edib:

"Münasibətlərin formalaşması, xüsusən Azərbaycanda yaradılmış birgə istehsalatlar bizi sevindirir. Lakin qarşılıqlı ticarətin səviyyəsi, əlbəttə, bizi sevindirə bilməz. Bu gün biz əməkdaşlığın diapazonunu, nomenklaturunu necə genişləndirmək, əmtəə dövriyyəsini necə artırmaq barədə sizinlə fikir mübadiləsi apardıq. Bunun üçün çox yaxşı potensial var. Biz işi düzgün təşkil etməklə çox qısa müddətdə qarşılıqlı ixracı artıra bilərik. Biz həm də hərbi-texniki komplekslə bağlı məsələlərdə əməkdaşlıq edirik, burada da çox yaxşı təcrübə, nəticələr və gələcək planlar var.

Beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da dəstəkləyəcəyik. Belarusun timsalında bizim çox etibarlı tərəfdaşımız və dostumuz var. Sizin uğurlarınıza həmişə sevinirik, sizi görməyə həmişə şadıq.

Mən bu görüşə hazırlaşarkən bir qədər tarixə nəzər saldım və gördüm ki, bu sizin ölkəmizə dördüncü rəsmi səfərinizdir. Mən də Belarusda dörd dəfə rəsmi səfərdə olmuşam, əlbəttə, işgüzar səfərləri saymasaq. Bu, özü bir göstəricidir və çox şeydən xəbər verir. Hər görüşümüz bizim münasibətlərə yeni təkan verir. Əminəm ki, sizin budəfəki səfəriniz də səmərəli olacaq və imzalanacaq sənədlər, əldə edəcəyimiz razılaşmalar praktikada reallaşacaqdır. Bir daha xoş gəlmisiniz".

Belarus Prezidenti Aleksandr Lukaşenko öz növbəsində bildirib:

"İlham Heydər oğlu, dəvətə və indicə dediyiniz sözlərə görə çox sağ olun. Mən artıq Sizi cəsarətli siyasi qərarlarınız münasibətilə təbrik etmişəm. Sizin Azərbaycan xalqından aldığınız dəstəyə hər kəs qibtə edə bilər. Sizə afərin deyirəm. Bu mürəkkəb dövrdə ölkənizdə bu cür birlik nümayiş etdirirsiniz. Bu, bizim üçün də yaxşıdır. Çünki sənin dostların həmrəy olanda, onlar sıx birləşməyi, istənilən anda, ən mürəkkəb vaxtlarda toplaşmağı bacaranda sənin bu cür dostlarının olması yaxşıdır. Odur ki, Sizi bu münasibətlə, Azərbaycanda gördüyünüz işlərə görə bir daha təbrik etmək istəyirəm".

Son xəbərlər

Orphus sistemi