Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.
"Report" xəbər verir ki, bunu "İzvestiya" qəzetinə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib.
“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilatda statusunun dəyişdirilməsi üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, - o bildirib.
Onun sözlərinə görə, əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər: “Banqladeş dialoq üzrə tərəfdaşlardan biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır”.
Qeyd edək ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir.