Yuxarı

Azərbaycan səfirliyinin binasının inşası üçün Pekində torpaq sahəsi ayrılıb - FOTO

Rəsmi təhvil-təslim keçirilməsinə dair saziş imzalanıb

Bakı. 19 noyabr. REPORT.AZ/Çində Azərbaycan səfirliyinin binasının inşası üçün paytaxt Pekində torpaq sahəsi ayrılıb. Torpaq sahəsinin Azərbaycana təhvil verilməsi ilə əlaqədar Pekində Azərbaycanın Çindəki səfirliyi və Pekin şəhəri Diplomatik Missiyalar üzrə Xidmət Bürosu arasında rəsmi təhvil-təslim keçirilməsinə dair saziş imzalanıb.

“Report” “Azərtac”a istinadən xəbər verir ki, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovun və Büronun sədr müavini xanım Cian Çinin imzaladığı sənədə əsasən, paytaxtın Çaoyan rayonunda bir çox ölkələrin, o cümlədən ABŞ, Fransa, Yaponiya, İsrailin və digər dövlətlərin diplomatik nümayəndəliklərinin yerləşdiyi ərazidə Azərbaycan səfirliyi üçün 3000 kvadratmetr sahə ayrılıb. İmzalanmadan əvvəl əraziyə baxış keçirilib, torpaq sahəsinin sərhəd xətlərinin dayaq nöqtələrinin yeri müəyyənləşdirilib.

Sazişin imzalanması mərasimində çıxış edən səfir Lətif Qəndilov və xanım Cian Çi iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb, Azərbaycan səfirliyi üçün torpaq sahəsinin ayrılmasının xoş bir hadisə olduğunu vurğulayıblar.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın Çindəki səfirliyi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar Çin tərəfi ilə hökumətlərarası Saziş, cari ilin fevralında isə həmin Sazişə Əlavə Protokol imzalanıb. Saziş və Protokol Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi