Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyi tərəfindən Milad bayramı münasibətilə bu ölkənin "Acoexar" fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San Rafael rayonunun ehtiyacı olan sakinlərinə hədiyyələr paylanılıb.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib.
Hədiyyələrin təqdim olunması münasibətilə təşkil edilən tədbirdə çıxış edən səfirliyin birinci katibi Elnur İskəndərov ilk öncə mərasim iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq münasibətləri barədə danışıb. Azərbaycanlı diplomat həmçinin tədbir iştirakçılarına ölkəmiz barədə məlumat verərək, 2020-ci ilin çətin olmasına baxmayaraq, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin xalqımızın xatirəsində möhtəşəm zəfər ili kimi qalacağını qeyd edib.
Tədbir zamanı tədbir iştirakçıları Azərbaycan hökumətinə dərin təşəkkürlərini bildirib və onlara diqqət göstərilməsini yüksək qiymətləndiriblər.