Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin qadınların təcavüz hallarından müdafiəsi üzrə yeni təyin olunan federal müvəkkili Kaşmala Tariq ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Ə.Əlizadə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin fəaliyyəti, seçilməsi, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, müvəkkil aparatı və regional mərkəzləri, insan hüquqları sahəsində görülən maarifləndirmə işləri, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istaqəmətində aparılan islahatlar, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları haqqında məlumat verib.
Həmçinin Ə.Əlizadə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirib və buna görə müvəkkilə təşəkkür edib.
Kaşmala Tariq qadınların insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində Pakistanda həyata keçirilən işlər haqqında məlumat verərək, ədalətsiz münaqişələr nəticəsində kütləvi əziyyət çəkən insanların hüquqlarının bərpasının daha vacib olduğunu və ikili yanaşmalar nəticəsində bunun uzun zaman çəkməsinin təəssüfverici olduğunu deyib.
O, Azərbaycanın insan hüquqları üzrə müvəkkili və aparatı, həmçinin Azərbaycan səfirliyi ilə sıx işləməkdə maraqlı olduğunu və fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsində səylərin artırılacağını vurğulayıb.