Azərbaycan Niderland parlamentini Bakı ilə İrəvan arasında sülhün bərqərar edilməsi səylərini dəstəkləməyə və onlar arasında danışıqlar prosesinin uğuruna töhfə verməyə çağırıb.
“Report” bu barədə Azərbaycanın bu ölkədəki səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderland Parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) xarici əlaqələr komitəsinin sədri Raymond de Roon ilə görüşüb və o, Niderland tərəfini Bakı ilə İrəvan arasında dialoq və etimadın möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmağa kömək etməyə çağırıb.
“Danışıqlar prosesindəki vəziyyəti şərh edən səfir R.Mustafayev Almaniya diplomatiyasının bu məsələdə konstruktiv rolunu qeyd edib. Xarici məsələlər komitəsini və bütövlükdə Niderland parlamentini Avropa İttifaqında aparıcı tərəfdaşı olan Almaniyanın bu səylərini dəstəkləməyə və Bakı ilə İrəvan arasında dialoqun və etimadın möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verməyə çağırıb”, - məlumatda qeyd edilib.
R.Mustafayev Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin vəziyyəti barədə komitə sədrinə məlumat verib. Onun Azərbaycanla Ermənistan arasında sülh prosesinin vəziyyəti, Cənubi Qafqaz regionundakı vəziyyətlə, Rusiya, Ukrayna, Türkiyə, İran və İsraillə münasibətlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.
Söhbət zamanı azərbaycanlı diplomat xarici məsələlər komitəsinin sədrinə Orta və Zəngəzur dəhlizlərinin layihələri barədə məlumat verib, onların regionun bütün ölkələri, o cümlədən Ermənistanın üçün əhəmiyyətini qeyd edib. Eyni zamanda o, qeyd edib ki, İrəvan hələ də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli nəqliyyat kommunikasiyalarının açılmasını həyata keçirmir. Eləcə də, Naxçıvan Muxtar Respublikasını blokadada saxlamaqla üçtərəfli sazişin icrasına qarşıdır.
R. de Roon verilən məlumata görə minnətdarlığını bildirib və Niderland və Azərbaycan parlamentlərinin üzvləri arasında dialoqun və səfər mübadiləsinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.