Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev dünən Haaqada İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Direktorlar Şurasının üzvləri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.
Görüş zamanı səfir həmsöhbətlərə regionda postmünaqişə dövründəki vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılması, Qarabağ regionunun Ermənistan işğalından azad edilmiş şəhər və kəndlərinin dirçəldilməsi, həmçinin azad edilmiş ərazilərin minalardan təmizlənməsi haqqında məlumat verib.
ICMP qiymətləndirmə missiyasının Azərbaycana bu yaxınlarda başa çatmış səfərinə toxunan səfir itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının ailəsinin ədalət gözlədiyini və Azərbaycanda itkin düşənlərin kütləvi məzarlarının müəyyən edilməsi üzrə səmərəli işin ərazilərin minalardan təmizlənmədən mümkün olmadığını vurğulayıb.
“Biz Srebrenitsa soyqırımı qurbanlarının anım günü ərəfəsində görüş keçiririk. Bu soyqırımı zamanı 8000-ə yaxın bosniyalı mülki şəxs öldürülüb”, - diplomat qeyd edib.
O əlavə edib ki, münaqişə zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının sayı Srebrenitsada qətliam qurbanlarının sayının demək olar ki, yarısını təşkil edir, lakin Azərbaycan cəmiyyəti üçün çox həssas olan bu problemə beynəlxalq diqqət yetərli deyil.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin axtarışı üçün Avropa İttifaqının (Aİ) və digər beynəlxalq təşkilatların daha fəal dəstəyinə ehtiyac duyulur.
R.Mustafayev bu humanitar problemin həllində Azərbaycanın səylərini dəstəklədiklərinə görə Şura üzvlərinə və ICMP-nin baş direktoru Ketrin Bomberqerə minnətdarlığını bildirib.
İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Direktorlar Şurasının üzvləri öz növbəsində qiymətləndirmə missiyasının Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.