Yuxarı

​Azərbaycan səfiri İtaliya Prezidentini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb

İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə edib

Bakı. 6 aprel. REPORT.AZ/  Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya Respublikası Prezidenti Sercio Mattarellaya təqdim etmək üçün onun tərəfindən qəbul edilib. Bu barədə "Report" XIN-dən məlumat verilib.

Etimadnamənin təqdim edilməsindən sonra İtaliya Prezidenti Azərbaycan səfiri ilə söhbət edib. 

M.Əhmədzadə ilk öncə Azərbaycan Respublikası Prezidenti Zati-Ailləri cənab İlham Əliyevin İtaliya Prezidentinə salamlarını və xoş arzularını çatdırıb. Prezident Sercio Mattarella da öz növbəsində, azərbaycanlı həmkarına onun salamlarını və xoş arzularını çatdırmağı xahiş edib, Prezident İlham Əliyevin ötən il İtalyaya səfəri çərçivəsində onunla keçirdiyi görüşü məmnuniyyətlə xatırladığını deyib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki ölkənin hökumətləri arasında qəbul olunmuş “Strateji tərəfdaşlıq haqqında bəyannamə”də əks olunduğu kimi Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, bütün sahələrdə, o cümlədən, iqtisadi, enerji, qeyri-neft sektorlarında əməkdaşlıq, ölkəmizin müxtəlif sektorlarında italyan şirkətlərinin fəaliyyəti, Cənub Qaz Dəhlizi və TAP layihəsi barədə danışılıb. Azərbaycanın Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bu xüsusda həyata keçirilən layihələr barədə danışan Azərbaycan diplomatı ölkəmizin İtaliya şirkətləri üçün ətraf bazarlara çıxmaq istiqamətində önəmli qapı olduğunu da deyib.

M.Əhmədzadə Azərbaycanın multikulturalizm modeli, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, BMT-nin Sivilizasiyalararası Alyansın 7-ci Qlobal Forumun Bakıda keçiriləcəyi, iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq barədə danışıb, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği, İtaliyanın tarixi-mədəni irsinin qorunması üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydar Əliyev Fondu tərəfindən həyata keçirilmiş tədbir və layihələrdən, habelə Expo Milan və Venesiya Biennallesi kimi dünya əhəmiyyətli tərdbirlərdə ölkəmizin uğurlu iştirakından bəhs edib.

İtaliya Prezidenti ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqdan məmnunluğunu bildirib, bu xüsusda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səylərini yüksək qiymətləndirib.

Görüşdə, habelə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat verib, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsinin vacibliyini deyib, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını bildirib.

İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə edib, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi