Azərbaycan səfiri İslamabadda pakistanlı nazirlə görüşüb

Azərbaycan səfiri İslamabadda pakistanlı nazirlə görüşüb Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət
2 Sentyabr , 2016 17:10
Azərbaycan səfiri İslamabadda pakistanlı nazirlə görüşüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin maliyyə, gəlir, iqtisadi işlər, statistika və özəlləşdirmə naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Kəşmir və Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, H eydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan yüksək səviyyəli səfərlər haqqında söhbət açılıb, bu cür isti və səmimi münasibətlərin fonunda maliyyə, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf haqqında məlumat verən səfir Əli Əlizadə, iki ölkə arasında enerji, ticarət və müəyyən digər sahələrdə görülən işlər, yeni müqavilələrin hazırlanması istiqamətində gedən çalışmalar haqqında danışıb. Səfir enerji, tekstil, metallurgiya və müəyyən digər sahələr üzrə də azərbaycanlı iş adamlarının Pakistanla iqtisadi-ticari əlaqələrin qurulmasına maraq göstərdiyini, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu deyib. Ə.Əlizadə ölkələrarası bu səmimi və isti şəraitdən pakistanlı iş adamlarının da çox istifadə edə biləcəyini bildirib.

Nazir Məhəmməd İshaq Dar  Bakıya etdiyi səfərlərini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən səmimi qəbulunu və Azərbaycanda qardaşlıq şəraitində keçirilmiş görüşlərini xatırladıb, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib. O, müdafiə sənayesi sahəsində Pakistanın imkanlarından Azərbaycan tərəfinin daha çox istifadə edə biləcəyini, enerji, ticarət, iqtisadi sahələrdə həyata keçirilən işlərin daha da artırılması, bu sahələr üzrə müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin qarşılıqlı əlaqələrə müsbət tövhələr verəcəyini bildirib.

Nazir rəhbərlik etdiyi qurumun Azərbaycanın aidiyyəti qurumları, eləcə də Azərbaycanın Pakistandakı Səfirliyi ilə əməkdaşlığın davam etdirilməsinə hər zaman hazır olduğunu vurğulayıb, Səfirliyə və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi