Azərbaycan səfiri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgənin qubernatoru ilə görüşüb

Xarici siyasət
  • 24 fevral, 2022
  • 10:38
Azərbaycan səfiri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgənin qubernatoru ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin yeni qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, tanışlıq xarakterli görüş dövlət nümayəndəsinin Rustavi şəhərindəki administrasiyasında baş tutub.

G.Doxturişvili bölgədə müxtəlif sahələrdə həyata keçirilən layihə və proqamlar barədə ətraflı məlumat verib. O, bölgədə Azərbaycanın dəstəyi ilə reallaşdırılmış önəmli layihələrə görə minnətdarlıq ifadə edib.

Qubernator qeyd edib ki, 2016-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kvemo Kartli bölgəsinə təqdim etdiyi 18 ədəd traktorun 5-i ötən gün Marneuli bələdiyyəsinin mülkiyyətinə verilib. O, hədiyyə olunmuş kənd təsərrüfatı texnikasına görə SOCAR-a təşəkkürünü bildirib.

F.Quliyev öz növbəsində qubernatoru təyinatı münasibətilə təbrik edərək fəaliyyətində nailiyyətlər arzulayıb. O, Azərbaycanın Gürcüstanla münasibətlərinin sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslandığını, iqtisadi, siyasi və humanitar sahələrdə sıx əlaqələrin olduğunu qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla münasibətlərə böyük önəm verir, qonşu ölkə ilə əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi xarici siyasətin əsas prioritetlərindən biridir.

Diplomat diqqətə çatdırıb ki, Kvemo Kartli bölgəsində müxtəlif sektorlarda Azərbaycan investisiyalı 40 şirkət fəaliyyət göstərir: “Region Azərbaycanın biznes sektoru üçün çox maraqlıdır. Bu sahədə əlaqələrin inkişafı ilə bağlı müsbət tendensiyanın davam edəcəyinə ümid edirik”.

F.Quliyev Kvemo Kartli bölgəsində birgə sosial, iqtisadi, infrastruktur və mədəni layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra digər təkliflər də səsləndirib.

Səfir görüşün Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd edərək, həm bu faciədə, həm də Gürcüstan tarixində baş vermiş qanlı hadisələrdə həlak olan günahsız insanların, qəhrəman şəhidlərin xatirəsinə ehtiramını ifadə edib.

Görüşdə Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Rustavi meri Nino Latsabidze, Marneuli meri Kənan Ömərov, Bolnisi meri David Şerazadaşvili, Dmanisi meri Koba Muradaşvili, Qardabani meri David Karqareteli və digər rəsmi şəxslər də iştirak edib.

Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.