Yuxarı

"Azərbaycan" qəzeti: "Cənab Obama, Sizə daha çox məlumat lazımdır?"

Azərbaycanın rəsmi dövlət qəzetində ABŞ prezidenti Barak Obamanın və rəsmi Vaşinqtonun xarici siyasətinin sərt tənqid olunduğu məqalə dərc olunub

Yazıda bildirilir ki, müxtəlif ölkələrin daxilində formalaşdırılan “beşinci kolon” ABŞ-ın maraqlarını həyata keçirir, bu alınmayanda isə ondan sabitliyin pozulması, dövlət çevrilişləri ssenarilərinin reallaşdırılması üçün istifadə olunur: "Həmin antimilli qüvvələrin ifşa olunması, onlara qarşı hər hansı tədbirin görülməsi dərhal məlum QHT və media şəbəkəsi tərəfindən “vətəndaş cəmiyyətinə hücum” kimi qələmə verilir. Bunun ardınca aparıcı beynəlxalq təşkilatlar, onların ayrı-ayrı strukturları, xüsusilə də insan hüquq və azadlıqları məsələləri ilə məşğul olan bölmələri Vaşinqtondan gələn sifarişlər əsasında fəaliyyətə başlayırlar"

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rəsmi dövlət qəzeti "Azərbaycan"da ABŞ prezidenti Barak Obama və rəsmi Vaşinqtonun xarici siyasətinin sərt tənqid olunduğu məqalə dərc olunub. 

"Report" xəbər verir ki, "Xeyr, bunlar ABŞ-ın müsəlman dünyasına qarşı qəddar siyasəti haqqında həqiqətlərdir" adlı məqalədə qeyd olunub ki, ABŞ bütün dünyanı nəzarətdə saxlamaq və müstəqil dövlətləri təhdid etmək üçün geniş QHT və media şəbəkəsi yaradıb. 

Məqaləni təqdim edirik:

"2013-cü ildə ABŞ Prezidenti Barak Obama tədbirlərin birində arxa cərgədə ayaq üstə dayanan bir qadının sərt sualları ilə qarşılaşır (https://www.youtube.com/watch?v=txBLajI1-w4). Cəsarətli xanım Amerikanın müsəlman dünyasına qarşı apardığı qəddar siyasətə etiraz edərək Obamadan bütün dünyanı maraqlandıran suallara cavab verməyi və qaldırdığı məsələləri yerindəcə həll etməyi istəyir:

Xanım: Cənab Prezident, Siz Ali Baş Komandansınız. Siz Quantanamonu bu gün bağlaya bilərsinizmi? Bu təcridxana artıq 11 ildir ki mövcuddur. Onun fəaliyyəti qeyri-qanunidir.

B.Obama: Xanım, icazə verin mən fikrimi başa çatdırım.

Xanım: Bu, çox vacibdir.

B.Obama: Beləliklə, bu gün...

Xanım: Yüzdən artıq insan aclıq keçirir. Onları son dərəcə ümidsiz duruma salıblar...

B.Obama: Bu gün növbəti dəfə...

Xanım: Siz Ali Baş Komandansınız. Siz Quantanamonu qapada bilərsinizmi?

B.Obama: Xanım, mən elə bu haqda danışmaq istəyirəm. Ancaq siz mənə imkan verməlisiniz ki, bunu edim.

Xanım: Sizin hökumət 86 məhbusun azad edilməsi barədə qərar çıxarıb. Onları azad edə bilərsinizmi?

B.Obama: Əyləşin, mən də deyim ki, nə etmək fikrindəyəm...

Xanım: Onların arasında 56 nəfər Yəmən vətəndaşı və Şaker Amen var.

B.Obama: İcazə verin fikrimi bitirim. Bu gün mən Konqresi məhbusların Quantanamodan köçürülməsinə məhdudiyyətləri aradan qaldırmağa çağırıram. Mən həmçinin Müdafiə Nazirliyindən xahiş edirəm ki, ABŞ-da yer müəyyənləşdirsin ki, biz orada hərbi tribunalları keçirə bilək. Mən Dövlət Departamentindən və Müdafiə Nazirliyindən yeni baş nümayəndə təyin edirəm. Onun səlahiyyətlərinə məhbusların üçüncü ölkələrə göndərilməsi daxil olacaq. Mən məhbusların Yəmənə köçürülməsinə məhdudiyyəti ləğv edirəm və biz məsələlərə fərdi qaydada baxa bilərik. Biz barələrində ittiham irəli sürülməmiş mümkün qədər maksimal sayda məhbusları üçüncü ölkələrə köçürəcəyik.

Xanım: Onlardan 86 nəfərinin təhlükəli olmadığı artıq bəyan olunub. Onları elə indi azad edin.

B.Obama: Zərurət yarandıqda biz terrorçuları ABŞ-da mühakimə edəcəyik. Müvafiq hallarda biz terrorçuları bizim məhkəmələrdə və bizim hərbi qanunvericilik sistemi çərçivəsində məsuliyyətə cəlb edəcəyik. Təkid edəcəyik ki, hər bir məhbus üçün məsələyə yenidən baxılması imkanı yaransın. Hal-hazırda “çəkməçi” ləqəbli terrorçu ciddi rejimli Amerika təcridxanasında ömürlük həbs cəzası çəkir. Onun barəsində qərarı oxuyan hakim dedi ki, sizə verilən cəzanın həddi bizim öz azadlığımızın həddidir.

Xanım: Siz deyə bilərsinizmi, nəyə görə pilotsuz təyyarə 16 yaşlı Əbdülrəhman əl-Əvrakini öldürdü. Biz 16 yaşlı yeniyetmələrlə belə rəftar etməliyikmi? Siz bütün müsəlmanlara bəyan edə bilərsinizmi ki, onların da həyatı bizimki qədər qiymətlidir. Siz pilotsuz təyyarələri Mərkəzi Kəşfiyyat İdarəsinin tabeçiliyindən çıxara bilərsinizmi? Siz “şübhəli fəaliyyət göstərmək” bəhanəsi altında ehtimal olunan terrorçulara zərbələrin endirilməsini dayandıra bilərsinizmi?

B.Obama: Biz bu məsələ ilə məşğuluq...

Xanım: Öldürdüyünüz minlərlə müsəlmanın qarşısında üzr istəmək istəyirsinizmi? Siz günahsız qurbanların ailələrinə kompensasiyalar verəcəksinizmi? Mən öz ölkəmi sevirəm, qanunun aliliyini sevirəm. Amma pilotsuz təyyarələrlə bizim həyatımız təhlükəsiz yox, daha təhlükəli olub. Barələrində ittiham irəli sürülməmiş şəxslərin Quantanamoda saxlanması da bizim həyatımızı təhlükəli edir. Qanunun aliliyi prinsipinə riayət edin. Axı Siz Konstitusiya hüququ üzrə mütəxəssissiniz.

Cənab Obama bildirir ki, həmin qadının dediklərinin çoxu ilə razı deyil: “Amma Quantanamo məsələsi vacibdir və onun həllinə ehtiyac var”.

Maraqlıdır, görəsən nəyə görə Obama konkret rəqəmlər və faktlarla danışan bu qadının fikirləri ilə razı deyildi? Dünyanın ən qüdrətli dövlətinin başçısı beynəlxalq ictimaiyyətin Quantanamonun qapadılması ilə bağlı tələblərini niyə yerinə yetirmir? Buna gücü çatmır, yoxsa xüsusi marağı var?! 2013-cü ildən ötən iki il ərzində bu təcridxana fəaliyyət göstərir, orada barələrində heç bir ittiham irəli sürulməyən günahsız insanlar saxlanılır. B.Obamanın Dövlət Departamenti və Müdafiə Nazirliyindən təyin etdiyi nümayəndə bu günə kimi hansı işləri görüb? Bəyan olunduğu kimi məhbuslar niyə üçüncü ölkələrə göndərilməyib? Konqres Obamanın qeyd etdiyi məhdudiyyətləri aradan niyə qaldırmayıb?

Elə həmin 2013-cü ildə BMT Baş Assambleyasında bir saata yaxın çıxşının başlanğıcında cənab Obama prezidentliyi dövründə “dünyada müharibələrin qarşısının alınması üçün” gördüyü işlərdən danışaraq, İraqdan qoşunların çıxarıldığını və Əfqanıstandan çıxarılmağa başlandığını, müxtəlif ölkələrdə hərbi hissələrin saxlanması, kəşfiyyat və digər məsələlərlə bağlı strategiyanın nəzərdən keçirildiyini bəyan etdi. Onun sözlərinə görə, “ABŞ-ın öz müttəfiqləri ilə həyata keçirdiyi tədbirlər nəticəsində dünya beş il əvvəlkindən daha sabit vəziyyətə gəlib”. Lakin o, bunun ardınca Əl-Qaidə təhlükəsinin qaldığını, terrorizmin Afrika qitəsi və Yaxın Şərqdə Amerikanın və Qərbin “sülh” planlarına ciddi təhdid olduğunu dedi. Sonrakı hadisələr göstərdi ki, əslində, ABŞ Prezidenti bununla həmin ərazilərdə ölkəsinin yeni hərbi missiyasının anonsunu verirdi.

Əgər Obama həqiqəti bilmək istəyirsə, bütün dünyanın onun administrasiyası haqqında nə düşündüyünü eşitməli, Vaşinqtonun öz təsiri altına sala bilmədiyi həqiqi müstəqil medianın yazdığını və nümayiş etdirdiyini oxumalı və görməlidir. Bütün sosial şəbəkələr Amerikanın hazırda yürütdüyü siyasətə nifrət püskürür. İraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən xarabalığa çevrilib. Bu ölkələrdə şəhərlər, kəndlər dağıdılıb, insanlar ölüm təhdidi və səfalətdən baş götürüb Avropaya pənah aparırlar. Orada da onları yeni təhdidlər - irqi və dini ayrı-seçkilik gözləyir. Artıq Avropanın özündə də belə düşünürlər ki, bu gün “qoca qitə” ABŞ-ın təcavüzkar və dağıdıcı siyasətinin acılarını yaşayır. Amerikanın özündə ksenofob meyillərə qarşı etiraz edən qaradərili əhali repressiyalara məruz qalır və əzilir. Əsl həqiqətləri dilə gətirənlər isə Edvard Snouden və Culian Assanc kimi dövlətin düşməni elan edilir, onlar ən yaxşı halda başqa ölkələrdə sığınacaq tapır, bəxtləri gətirməyənlər isə Bredli Menninq kimi cəzalandırılırlar. Məhz Menninqə görə dünya ictimaiyyəti Amerikanın işğal etdiyi ölkələrdə əhaliyə necə divan tutulduğundan xəbərdar oldu. O, 2007-ci ildə İraqda ABŞ-ın “Apache” hərbi helikopterinin dinc əhalini necə güllələdiyi barədə məxfiləşdirilmiş videosüjeti internetə yerləşdirmişdi (http://newsru.com/world/06jul2010/manning.html). ABŞ hakimiyyəti geniş rezonansa səbəb olan bu materialı əsaslı şəkildə araşdıracağını vəd etdi. Ancaq nəticədə ABŞ Milli Təhlükəsizliyi Agentliyinin qərargahında Meninnqin üzərində qapalı məhkəmə keçirildi və o, 35 il müddətinə azadlıqdan məhrum olundu. Dinc sakinləri, o cümlədən azyaşlı uşaqları və Reuters agentliyinin iki jurnalistini güllələyən hərbçilər barədə isə heç bir tədbir görülmədi. Bu da amerikasayağı “ədalətin” bir nümunəsidir.

Cənab Obama, Sizə daha çox məlumat lazımdır? Sizin ölkəniz bütün dünyanı nəzarətdə saxlamaq və müstəqil dövlətləri təhdid etmək üçün geniş QHT və media şəbəkəsi yaradıb. Müxtəlif ölkələrin daxilində formalaşdırılan “beşinci kolon” ABŞ-ın maraqlarını həyata keçirir, bu alınmayanda isə ondan sabitliyin pozulması, dövlət çevrilişləri ssenarilərinin reallaşdırılması üçün istifadə olunur. Həmin antimilli qüvvələrin ifşa olunması, onlara qarşı hər hansı tədbirin görülməsi dərhal məlum QHT və media şəbəkəsi tərəfindən “vətəndaş cəmiyyətinə hücum” kimi qələmə verilir. Bunun ardınca aparıcı beynəlxalq təşkilatlar, onların ayrı-ayrı strukturları, xüsusilə də insan hüquq və azadlıqları məsələləri ilə məşğul olan bölmələri Vaşinqtondan gələn sifarişlər əsasında fəaliyyətə başlayırlar. Vaxtilə qapalı şəkildə həyata keçirilən ikili standartlar siyasəti tam ifşa olunduqdan sonra, bu qüvvələr artıq öz fəaliyyətlərinə bəraət qazandırmağı belə artıq hesab edirlər. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu Amerikanın hədəfində olan ölkələrdə demokratik seçkilərə mənfi qiymət verir, lakin Vaşinqtonun loyal münasibət bəslədiyi dövlətlərdə ən biabırçı seçkiləri belə “obyektivlik”, “şəffaflıq” və “demokratik standartlara uyğunluq” terminləri ilə bəzəyir. Avropa Parlamentində ABŞ-ın maraqlarına xidmət edən məlum qrupun təşəbbüsü ilə ərsəyə gələn qətnamələr təzyiq və təhdid siyasətinin bir elementidir. Belə kağız parçaları heç bir təsir mexanizminə malik deyil, yalnız ürək bulandırır və son nəticədə isə Avropa İttifaqı ilə digər ölkələr arasında münasibətlərin korlanmasına xidmət edir.

BMT Baş Assambleyasının dünənki sessiyasında ABŞ Prezidentinin nitqi gözlənildiyi kimi, 2013-cü ildəki çıxışdan az fərqləndi. Bu dəfə də o, ölkəsinin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi “uğurlu” siyasətdən danışdı. Bütöv ölkələrin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, milyonların qaçqın vəziyyətinə düşməsi isə “antidemokratik rejimlərin” və terrorçuların ayağına yazıldı.

Cənab Obama uzun müddət hesab edib ki, bütün dünyada fərqli fikri boğa, öz düşüncəsini, ölkəsinin mövqeyini insanlara sırıya bilər. İndi isə Yaxın Şərqdən və Afrikadan olan onminlərlə qaçqın Amerikanın işğalçılıq siyasəti nəticəsində yaşadıqları faciələri artıq Avropaya çatdırırlar. Üstəlik, hazırda informasiya əsridir və istənilən şəxs internetə daxil olaraq məlumat əldə etmək və vəziyyəti real qiymətləndirmək imkanına malikdir. Bu baxımdan milyardların sərf olunduğu ənənəvi təbliğat metodları daha işləmir.

Nəticə etibarilə BMT Baş Assambleyasının builki sessiyası Amerika Prezidenti üçün əməllərinin fotosərgisini xatırlatdı. Görəsən nitqi zamanı Obama əsasən hansı tərəfə baxırdı? Ərəb və Afrika liderlərinin üzünü görməmək üçün ya aşağı mətnə, ya da yuxarı tavana..."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi