Azərbaycan Qazaxıstanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etməyə dəvət olunub
- 14 mart, 2023
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Qazaxıstan parlamentinin aşağı palatasına martın 19-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində iştirak etmək üçün dəvət olunub".
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 10 beynəlxalq təşkilat, Azərbaycan daxil olmaqla, bir sıra ölkələrin nümayəndələri dəvət olunub.
Səfir qeyd edib ki, “Yaşıllar” Partiyası qarşıdan gələn seçkilərdə ilk dəfə iştirak edəcək: “Bu, üzləşdiyimiz ekoloji çağırışların vacibliyinin sübutudur”.
Qazaxıstanda yeni qaydalara əsasən, Məclisin deputatlarının 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı dairələrdən seçiləcək. Qarışıq seçki sistemi əsasında, 50-nin 50-yə nisbətində rayon və respublika əhəmiyyətli şəhərlərin yerli özünüidarə orqanlarına da seçkilər keçiriləcək.
Brifinqin sonunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə hazırlanmış “Bir bütövün iki hissəsi: Qazaxıstan - Azərbaycan” sənədli filmi nümayiş etdirilib.