Yuxarı

​Azərbaycan Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyə səfirliyində olub

Süleyman Dəmirəl Azərbaycan xalqının əsl dostu idi

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin 9-cu prezident Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib.

Bu barədə "Report" Türkiyənin Azərbaycandakı səfirliyinin facebook səhifəsinə istinadən xəbər verir.

Əvvəlcə dövlət başçısı Türkiyənin "Anadolu" və Azərbaycanın "AZƏRTAC" dövlət agentlikləri ilə birgə təşkil etdiyi "Heydər Əliyev fotosərgisi"ndə Süleyman Dəmirəlin fotolarına baxıb.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev Süleyman Dəmirləin xatirəsinə açılan başsağlığı dəftərinə ürək sözlərini yazıb: "Görkəmli dövlət xadimi və ictimai xadim, Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı məni olduqca kədərləndirdi.

Bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr edən Süleyman Dəmirəl XX əsrin ikinci yarısından başlayaraq, dünya siyasətində, beynəlxalq birliyin taleyüklü qərarlarını qəbul edilməsində, dünyada baş verən irimiqyaslı proseslərin siyasi həllində fəal iştirak edib.

Türk dünyasının birliyi və həmrəyliyi naminə fədakarlığı ilə Süleyman Dəmirəl geniş coğrafi məkanda yerləşən türkdilli xalqlar və dövlətlər arasında sıx əlaqələrin yaradılmasına, əməkdaşlığın dərinləşməsinə böyük töhvələr verib.

Süleyman Dəmirəl Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı, Süleyman Dəmirəlin müstəqilliyimizə əvəzsiz dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində misilsiz xidmətlərində öz ifadəsinin tapıb.

Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində heç şübhəsiz, Prezident Heydər Əliyevlə Süleyman Dəmirəl arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərinin misilsiz rolu olub. Süleyman Dəmirəlin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin.".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi