Yuxarı

Azərbaycan Prezidenti Sudanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğulayıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report” xəbər verir ki, dövlət başçısı Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhsuldar olacağına və ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. İki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrini və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı yüksək dəyərləndirən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Nazir Əli Əhməd Karti Sudan Prezidenti Ömər Həsən Əhməd əl Bəşirin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib və qazanılan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğulayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Dövlət başçısı Prezident Ömər Həsən Əhməd əl Bəşirin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi