"Mən deyə bilərəm ki, hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.
Dövlət başçısı bildirib ki, bunu çox təqdir edir: "Əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz".