Yuxarı

Azərbaycan Prezidenti Maltanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ARDNŞ-nin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Maltanın baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta Respublikasının baş naziri Cozef Muskatın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Maltanın baş naziri Cozef Muskat səfəri zamanı əlaqələrin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib. Əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırıb. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrin genişlənməsi baxımından önəmini vurğulayıb. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. İki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cozef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirak etdiyi layihənin ikitərəfli münasibətlərin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd edib. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi