“İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir”.
“Report” xəbər verir ki, bunu Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı deyib.
Azərbaycan lideri bildirib ki, xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir: “Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir”.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.