Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi.
İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.
Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.