Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edilib
Xarici siyasət
2 Avqust , 2016 18:52
Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev avqustun 2-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu, demək olar ki, bütün sahələri əhatə etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu deyib. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev onun fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində prezidentlərin verdiyi dəyərli tövsiyələrin önəminini vurğulayıb. Özünün bu yaxınlarda İran İslam Respublikasına rəsmi səfər etməsini və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin isə Azərbaycana rəsmi səfərə gələcəyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının və dinamik şəkildə inkişaf etməsinin yaxşı göstəricisi kimi dəyərləndirib.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb. Qonaq ölkələrimiz arasında ikitərəfli əlaqələrin və dost münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edilib, energetika, neft-qaz, nəqliyyat, sərmayə qoyuluşu, maliyyə, bank, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi